Qalan kəndlərin taleyi bu tarixdə həll ola bilər – “Razılıq barədə məlumat sızdırıldı”

Globalinfo.az siyasi şərhçi Arzuman Abdulkərimovla müsahibəni təqdim edir:

– Arzuman bəy, Qazax rayonunun dörd kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmi olaraq Azərbaycanın nəzarətinə keçib. Bu hadisə Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

– Ümumiyyətlə, məsələyə sülh danışıqları fonunda baxsaq, münasibətləri müsbət qiymətləndirə bilərik. Çünki bir neçə məsələlərdə prosesləri artıq vasitəçi olmadan həyata keçirə bilirik. Vətən müharibəsindən əvvəlki proseslər hər zaman Minsk qrupunun və digərlərinin vasitəsilə həyata keçirilirdi, amma onların heç bir töhfəsi olmadı. Nəticədə İkinci Qarabağ müharibəsi baş verdi və zəfər qazandıq. Lakin antiterror əməliyyatından sonra bu problemlər öz həllini tapmağa başladı. Görünür, bundan sonra Ermənistan tərəfinin ağlı başına gəlməyə başladı. Bu baxımdan Azərbaycan kəndlərinin özümüzə qaytarılmasını müsbət qiymətləndirirəm.

– Vasitəçilər olmadan sülh danışıqları müsbət nəticə verə bilərmi?

– Vasitəçilərsiz olan işlər də normal davam edir. Qazaxın dörd kəndi ilə bağlı anonsu hələ cari ilin yanvar ayında ölkə başçımızın vermişdi. Prezident demişdi ki, Qazaxın dörd kəndi Azərbaycana qaytarılacaq. Budur, heç bir güllə atmadan Ermənistan tərəfi kəndlərimizi qaytardı. Düşünürəm, görüşləri vasitəçilərsiz davam etdirsək, məsələ xeyirli bitəcək.

– Nə düşünürsünüz, bu il sülh müqaviləsi imzalanacaq?

– Bu il tam sülh müqaviləsi olmasa da, bir çərçivə sazişi imzalanacaq və bu da ümumi işin xeyrinə olacaq.

– Yerdə qalan anklav və eksklavların taleyi necə olacaq?

– Bundan sonrakı proses digər kəndlərin üzərində olacaq. Bildiyimiz kimi, Ermənistan mətbuatında Kərki kəndi məsələsi gündəmə gəlib. İrəvan tərəfi Kərki kəndi haqqında danışanda artıq deyirlər, “Kərki kəndi Ermənistan dövlətinin reyestrində yoxdur”. Bu sözləri Qazaxın qaytarılan kəndləri haqda da eşidirdik. Düşünürəm ki, yaxın zamanlarda ermənilərdə olan dörd kəndimizlə bağlı da danışıqlara başlanılacaq. Yəqin dövlətlərarası komissiyaların görüşündə bu məsələlər müzakirə olunacaq. Bəlkə də, Almatı görüşündə bu məsələlər müzakirə olunub. Ümid edirəm, proses uğurla başa çatacaq.

– Sizcə, digər dörd kəndin taleyi nə vaxta kimi öz həllini tapacaq?

– Proqnoz verməyi xoşlamıram, amma düşünürəm, anklav kəndlərin taleyi payıza kimi həll oluna bilər.

– Bildiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşü Almatıda baş tutdu. Nazirlərin növbəti görüşü harada baş tuta bilər?

– Bəlkə, növbəti görüş elə yenə də Almatıda baş tutar. Çünki bu görüş də vasitəçilərsiz keçiriləcək. Sadəcə, Almatı tərəfi ev sahibliyi edirdi. Əvvəl düşünürdüm, növbəti görüş Gürcüstanda baş tuta bilər. Amma orada daxili proseslər gərginləşib. Ona görə də, oranı istisna edirəm. Rusiyada olsa Qərb, Avropada olsa isə onlar məsələyə qıcıq olacaq. O baxımdan elə Almatı ola bilər.

– Növbəti görüşdə hansı məsələlərin müzakirəsi mümkündür?

– Bilirsiniz, artıq məsələlərin yekun mərhələsinə gəlirik. Hətta prezidentin köməkçisi Hikmət Hacıyev sülhə daha da yaxınlaşdığımızı bildirdi. Eyni fikir Ermənistan tərəfindən də səsləndirildi. Ola bilər, çərçivə sazişi imzalanar. Amma böyük sülhün imzalanması üçün Azərbaycanın çox ciddi tələbləri var. Bundan biri də Ermənistan konstitusiyasında dəyişikliklərin olmasıdır. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı bəzi torpaq iddiaları var. Ölkə başçımız da bu məsələni səsləndirərək, onların konstitusiyaya dəyişiklik etməli olduqlarını vurğuladı.

– Bəs Ermənistan konstitusiyaya dəyişiklik edə biləcək?

Arzuman Abdulkərimov

– Ötən ilin sonunda Nikol Paşinyan dedi ki, Ermənistan konstitusiya dəyişikliyinə gedə bilər. Amma o sözdən sonra İrəvanda daxili vəziyyət gərginləşdi. Daxildən revanşist qüvvələr kilsə ilə birlikdə prosesə mane olmağa çalışırlar. Paşinyan deyir ki, tarixi Ermənistandan yeni Ermənistana keçmək lazımdır. Bunun üçün də konstitusiyada bəzi dəyişikliklər olmalıdır. Vaxt baxımından sülhün imzalanması çətin olacaq. Biz çərçivə sazişi imzalasaq, böyük sülhə daha da yaxınlaşmış olacağıq. Bundan sonra yenə delimitasiya-demarkasiya prosesini davam etdirə bilərik. Çünki bu proses uzun çəkən prosesdir. Biz gözləsək ki, delimitasiya və demarkasiya prosesi bitsin, sonra sülh sazişi imzalansın bu, doğru olmaz. Delimitasiya prosesində hər qarış üçün zaman lazım olur. O baxımdan düşünürəm, çərçivə, sonra sülh sazişi imzalanmalı, delimitasiya və demarkasiya prosesləri davam etdirilməlidir.

– Ermənistan-Azərbaycan arasında bir müddətdir danışıqlar prosesi gedir. Bəzi ekspertlər iddia edirlər ki, artıq tərəflər çərçivə sazişi imzalaya bilər. Siz də çərçivə sazişinin imzalanmalı olduğunu deyirsiniz. Bu versiyanı nə dərəcə real görürsünüz?

– Almatı danışıqlarından sonra mətbuata hansısa razılığa gəlinməsi ilə bağlı məlumat sızdırıldı. Görünür, orada ilkin razılaşmalar əldə olunub. Bəlkə də, bunu çox da açıqlamağa ehtiyac görmürlər. Məlumdur ki, sülh sazişinin imzalanmasını istəməyən böyük qüvvələr mövcuddur. Məsələn, Qərb öz dominantlığını saxlamaq üçün ciddi çabalar göstərir, Rusiya faktorunu da unutmaq olmaz. Çünki Rusiya Cənubi Qafqazı əlindən vermək istəmir. Bu prosesləri də idarə etmək üçün münaqişə lazımdır. O baxımdan tam sülhün imzalanmasını ləngidən bu güclərdir. Cəmiyyətə bütün məlumatlar ötürülsə, hər hansı maneçiliklər olar. Amma orada detal olaraq nədən danışılıb, dəqiq deyə bilmərəm.

Zaira Akifqızı
Globalinfo.az