Qafqaz uğrunda nəhənglərin döyüşü: Qalibi Azərbaycan seçir

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin Komitə sədri Zahid Orucun parlamentin 1 fevral tarixli iclasında dedikləri o mənaya gəlir ki, Azərbaycan ABŞ-ın və Avropadakı müttəfiqlərinin müxtəlif adlar ilə regionumuza gəlməsini istəmir.

Prinsip etibarilə ölkəmizin mövqeyi haqsız deyil. Belə ki, ABŞ-NATO-Fransa koalisiyasının Cənubi Qafqaza gəlişi Azərbaycanı çətin duruma sala bilər.

Birincisi, bu, köhnə-yeni oyunçularla rəsmi Bakı yeni qaydalar tətbiq edərək anlaşmalıdır. Halbuki Rusiya ilə bu mövzuda anlaşılıb, siyasət aparılır. Qərbin regiona soxulması isə qurulmuş mexanizmin dağıdılmasına, yenisinin isə düzəldilməsi üçün boşuna zaman xərclənməsinə səbəb olacaq.

İkincisi, Qərb regiona bizim dərdimizə dərman olmağa yox, siyasi-hərbi mənada “qətlimizə” fərman verməyə gəlir. Yəni Ermənistanı açıq və net şəkildə dəstəkləyəcək, status-kvonu əleyhimizə dəyişdirməyə çalışacaq.

Halbuki Azərbaycan Rusiya ilə anlaşaraq, Türkiyə və İsraildən dəstək alaraq Qarabağ məsələsində vəziyyəti kökündən xeyrimizə dəyişdirib. İndi bu durumu yenidən 360 dərəcə geri çevirməyə çalışan kollektiv Qərb gecə-gündüz çalışır. Ermənistana müşahidə missiyası adı ilə 100 nəfərlik heyətin göndərilməsi Azərbaycan tərəfindən ABŞ-Fransa ikilisinin regiona gəlməsi, Qafqazlara ordu yeritməsi kimi alqılanır.

Maraqlıdır, Azərbaycan prosesin qarşısını almaq gücündədirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu cür potensial təhlükələrdən qorunmaq üçün Laçın yoluna tezliklə gömrük postları qoymalıyıq:

Züriyə Qarayeva

“O yol nəzarətə götürülməyənədək təxribatlar səngiməyəcək. Ölkəmizə zidd mövqedə dayanan güclər üçün də poliqona çevriləcək. Nəzarət əlimizdə olarsa, Avropa missiyası, Makron hakimiyyəti və ermənilər nə qədər bağırsalar da mənası olmayacaq.

Avropa İttifaqı adlanan qurumda Azərbaycana qarşı koalisiya fəaliyyət göstərir. Mülki müşahidə missiyasının səlahiyyət müddətinin uzadılması qərəzli Yelisey sarayının bölgəyə soxulmaq cəhdindən başqa bir şey deyil. Ermənipərəst Fransa əsgərinin sərhədlərimizə yerləşməsi suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid olar.

Artıq bölgədə söz sahibi olan Türkiyə kimi supergüc dövlət varkən, Fransa bura burnunu soxa bilməz. Heç ruslar da özbaşına hərəkət edə bilməzlər. Hər kəs yaxın gələcəkdə baş verəcək geosiyasi dəyişikliklərin şahidi olacaq. Şuşa Bəyannaməsinin ardınca, yenə də Şuşada imzalanacaq yeni Azərbaycan-Türkiyə müqaviləsi bu dəyişikliklərin təkanverici ruporu, dost İsrail və Pakistan kimi dövlətlər isə bölgəmizin yeni aktorları olacaqdır”.

Turan Rzayev
Globalinfo.az