Qizil bazar yeni

Dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma qiymətli metalın gələcək dəyəri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son bir ildə ilk dəfə qızılın bir troya unsiyasının qiymətinin 3900 dollardan aşağı düşməsi bazarda ciddi dəyişikliklərə səbəb olub.

Bəs dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

Globalinfo.az-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov deyib ki, oktyabrın sonlarında qızılın dünya bazarındakı spot qiyməti son bir ilin ən aşağı səviyyəsinə enib:

“Sonrakı ticarət sessiyalarında qiymətdə müəyyən bərpa müşahidə olunsa da, dəyişkənlik davam edib. Bu dinamika qızılın qiymətinin qlobal maliyyə bazarındakı proseslərə, makroiqtisadi göstəricilərə və investor gözləntilərinə həssas olduğunu göstərir”.

İqtisadçı bildirib ki, son ucuzlaşma neft qiymətlərinin artması ilə inflyasiya narahatlıqlarının güclənməsi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlayacağı və ya artıracağı gözləntiləri ilə əlaqələndirilir:

“Faiz dərəcələrinin yüksəlməsi gəlir gətirən maliyyə alətlərini daha cəlbedici edir və qızıla olan tələbi zəiflədərək onun qiymətinə təzyiq göstərə bilər. Bununla belə, qızılın gələcək qiymətinin mütləq azalacağını demək olmaz; qiymətə ABŞ dollarının məzənnəsi, investor tələbi və mərkəzi bankların alışları da təsir edir”.

rovsen emircanov 2

Rövşən Əmircanov 

R.Əmircanovun sözlərinə görə, qlobal bazarda qızılın ucuzlaşması Azərbaycan bazarında qızıl-zinət əşyalarının qiymətlərinə təsir göstərir:

“Digər şərtlər sabit qaldıqda, dünya bazarında qızılın ucuzlaşması yeni tədarük edilən qızılın dəyərini və məmulatın metal komponentinin maya dəyərini aşağı sala bilər. Ucuzlaşma davam edərsə və məzənnə, tədarük və digər xərclər əhəmiyyətli dərəcədə dəyişməzsə, bu, yerli satış qiymətlərində də tədricən əks oluna bilər. Təqdim olunan bazar məlumatlarına əsasən, 585 əyarlı məmulatların bir qramı təxminən 150-170 manat, 750 əyarlı məmulatların bir qramı 190-220 manat, 999 əyarlı məmulatların bir qramı isə 230-260 manat aralığında təklif olunur. Məmulatların satış qiymətləri istehsal ölkəsindən, modelindən və satıcının qiymət siyasətindən asılı olaraq fərqlənə bilər. Sadə və daşsız məmulatlarda qızılın ümumi qiymətdəki payı daha yüksək olduğundan, dünya bazarındakı dəyişikliklər onların satış qiymətində nisbətən aydın hiss oluna bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: