Bu gün Rusiya Prezidenti Vladimir Putinin 72 yaşı tamam olur. O, artıq 21 ildir ki, doğum gününü Kremlin rəhbəri kimi qeyd edir.
Globalinfo.az xəbər verir ki, yeni yaşı münasibəti ilə Rusiya prezidentinə xarici ölkə başçılarından təbrik mesajları və zəngləri gəlməyə başlayıb.
Bəs Putin doğum gününü necə keçirəcək?
Onun günün birinci yarısında bəzi qapalı görüşlər keçirməsi planlaşdırılıb. Axşam isə Müstəqil Dövlətlər Birliyinin (MDB) rəhbərləri ilə bir araya gələcək. Bunun çərşənbə axşamı Moskvada keçiriləcək sammitdən öncə qeyri-rəsmi toplantı olduğu deyilir.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin istirahət üçün vaxtının olmadığın bildirib:
“Prezidentin bir günlük də olsun dincəlməyə vaxtı yoxdur. Belə olan zaman ya haradasa elektrik enerjisi kəsilir, ya da beynəlxalq vəziyyət bizim istədiyimiz kimi getmir. Onun günlük konkret iş saatları belə yoxdur. Lazım gəldikdə gecələr də hesabat dinləyir. Putin demək olar gecə-gündüz işləyir”.
Peskov Rusiya prezidentinin cəmi bir dəfə doğum günündə istirahət etdiyini deyib:
“2014-cü il idi, o, doğum günündə icazə alıb dincəlməyə Tayqaya getdi. Həmin vaxt ən yaxın otelə 300-400 kilometr uzaqda olduğunu və ora çatmaq üçün yolun 9 kilometrini piyada gəzməyə məcbur qaldığını demişdi”.
Ayşən Mustafa
Globalinfo.az