Hazırda Baxmutda vəziyyət qaranlıqdır. Rusiya şəhərə nəzarət etdiyini söyləsə də, Ukrayna bunu rədd edir və şəhərin müdafiəsinin davam etdirildiyini, hətta bir neçə məntəqənin azad olunduğunu bildirir.
“Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin açıqlamaları isə vəziyyəti daha da qarışıq hala salıb. Priqojin mayın 10-da Baxmutdan çıxacaqlarını və əldə etdikləri mövqeləri Rusiya ordusuna təslim edəcəklərini söyləsə də, bu tarixi mayın 25-i olaraq dəyişdirdi. Xüsusilə onun son açıqlamaları ümumi mənzərənin daha qarmaşıq hal almasına səbəb olub.
Bəs hazırda Baxmutda vəziyyət necədir? Bu şəhər iddia edildiyi kimi müharibənin gedişatında həlledici rol oynaya bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov Baxmutdakı mövcud vəziyyəti, şəhərin müharibənin gedişatındakı rolunu dəyərləndirib:
İlyas Hüseynov
“Baxmutun strateji üstünlüyü var. Bu şəhər uzun müddətdir ki, Rusiya ilə Ukrayna arasında qırılma nöqtəsi kimi qiymətləndirilir. Ukrayna Baxmutu müdafiə edir, buradan irəli gedə bilmir. Rusiya da burada sanki ilişib qalıb. Lakin Kremlin yaydığı məlumatlara görə Baxmut hazırda Rusiya silahlı qüvvələri və “Vaqner”in nəzarətindədir. Baxmayaraq ki, bu birləşmənin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini və Baş Qərargahını ittiham edir, silah verilməməsilə bağlı şikayətlərini bildirirdi. Lakin biz bunun əslində Rusiya ordusunun hərəkətliliyinin pərdələnməsi üçün edildiyini gördük.
Digər tərəfdən Ukrayna Prezidenti Volodimir Zelenskinin G7 sammitində keçirdiyi görüşlər Qərbin Ukraynaya ciddi dəstəyini davam etdirəcəyinin göstəricisidir. Baxmutun ələ keçirilməsinə rəğmən Ukrayna ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyindən, öz ambisiyalarından geri çəkilməyəcək. Lakin Baxmut gələcəkdə Rusiya ordusuna strateji yollar istiqamətində hərəkətə keçməkdə bir sıra üstünlüklər qazandıra bilər. Elə olan halda Ukrayna müdafiəyə çox geridən başlamalı olacaq. Artıq Kiyev xaricdən tankları və qırıcıları təhvil aldıqdan sonra döyüş əməliyyatlarında müəyyən dəyişikliklər edə bilər. Lakin güc mərkəzləri Ukraynada davam edən müharibənin tezliklə başa çatmasında maraqlı deyillər”.
“Rusiya aylardır Baxmut uğrunda gedən döyüşlərdə üstünlüyün onda olduğunu iddia edir. Amma bu heç də genişmiqyaslı müharibənin sonu deyil. Ümumiyyətlə məsələnin hansı məcrada davam edəcəyi ilə bağlı yekun təəssürat da yoxdur. Yenə hesab edirəm ki, Qərb dəstəyini bu şəkildə davam etdirəcəyi təqdirdə, Ukrayna ərazi bütövlüyünün bərpası istiqamətində müəyyən üstünlüklər əldə edə bilər. Lakin görünən odur ki, bu müharibə uzun müddətə hesablanıb” – deyə, politoloq bildirib.
Ayşən Mustafa
Globalinfo.az