Putinin ani Bakı səfəri: Əliyevlə gecə nələr müzakirə edildi? – MÜSAHİBƏ

Globalinfo.az politoloq Elxan Şahinoğlunun Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı müsahibəsini təqdim edir:

– Elxan bəy, sizcə, indiki məqamda Rusiya prezidentini ölkəmizə gətirən səbəb nədir?

– Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri bir çox baxımdan diqqət çəkir. Misal üçün, hazırda Rusiya-Ukrayna müharibəsi fərqli bir etapa daxil olub. Kursk istiqamətində döyüşlər gedir. Lakin buna rəğmən Putin ölkəmizə səfərə gəlirsə, demək, Bakı ilə Moskva arasında müzakirələr, ehtiyac duyulan mövzular var.

Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və Rusiya ordusunun bunun qarşısını ala bilməməsi fonunda Kreml sahibi Vladimir Putinin hər açıqlaması diqqətlə izlənilir. Bu mənada Rusiya prezidentinin Bakıda verəcəyi açıqlamalar da diqqətlə öyrəniləcək, onun Bakıda səsləndirəcəyi hər kəlmə və sətiraltı ifadə lupa ilə araşdırılacaq.

Bakıda müzakirə ediləcək başlıca üç mövzu isə bunlar olacaq:

1.Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması;

2.Rusiya qazının Azərbaycanın imkanlarından istifadə edilərək Avropa dövlətlərinə satılması;

3. Moskvanın Bakı ilə İrəvan arasında moderatorluğu.

– Qeyd etdiniz ki, hazırda Rusiya üçün çətin bir dövrdür. Vladimir Putin Ukraynanın Kurska hücumu fonunda ölkəmizə gəldi. Bakıda bu haqda bu və ya başqa formada nələrsə müzakirə edilə bilər?

– Moskva müharibə ilə bağlı Bakının nəbzini yoxlaya bilər. Putin sonuncu açıqlamasında Ukraynanın Kurska hücumu səbəbi ilə Kiyevlə danışıqlar masasına əyləşməyəcəyini dedi. Amma o həm də çıxış yolları axtarmağa məcburdur. Buna görə iki ölkənin diplomatları hansısa ölkədə görüşməlidir.

Ehtimal görüş yeri kimi bir sıra ölkələrin adı çəkilir. Misal üçün, Belarus tez-tez dilə gətirilən variantdır. Amma Kiyev bu ölkədə görüşün keçirilməsinə isti baxmır. Türkiyəni isə ümumiyyətlə Rusiya qəbul etmir. Hətta Çinin belə adı tez-tez səslənir. Lakin tərəflərdən biri digərin təklif etdiyi ölkəni bəyənmir.

18.08.2024-cü il. Prezident İlham Əliyev Vladimir Putini evində qarşılayır

– Bəs Azərbaycan?

– Rusiya və Ukrayna diplomatlarının görüş yeri kimi Bakı seçilə bilər. Özü də belə bir təklifə iki tərəf də razı ola bilər. Hesab edirəm, Putinin ölkəmizə səfəri fonunda bu məsələ Prezident İlham Əliyevin diqqətinə çatdırılacaq. Bakı hər iki ölkə üçün təhlükəsiz və tərəfsiz məkandır. Azərbaycanın bu sahədəki təcrübəsi də belə bir görüşün ölkəmizdə baş tutmasını real edir.

– Elxan bəy, Rusiya prezidentinin səfərinin ən maraqla gözlənilən tərəfi onun işğaldan azad edilən Qarabağa səfər edib-etməyəcəyidir. Necə düşünürsünüz, Putin Qarabağa səfər edəcək?

– Belə bir səfər gözləntisi var. Həqiqətən belə bir səfər kifayət qədər maraqlı da olar. Bu səfərlə Putin bir daha Azərbaycan ərazi bütövlüyünü tanıdığını elan etmiş olar. Ancaq o, iki günlük gəlib. Yəni səfəri tez bitəcək. Bu mənada işğaldan azad edilən ərazilərə səfər etməyə də bilər.

Amma Qarabağda hava limanı da var. Yəni Putin istəsə rahat şəkildə Füzuli hava limanına enib Qarabağı gəzib, gedə bilər.

– Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a açıqlamasında deyib ki, Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur. Federasiya Şurasının Beynəlxalq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin də mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlamışdı. Putinin ölkəmizə səfəri fonunda bu məsələ müzakirə ediləcək?

– Bu məsələ gündəmdədir, amma liderlər arasında geniş müzakirəyə səbəb olacağını düşünmürəm. Yəni bu məsələ Putinin müzakirə edəcəyi məsələ deyil. Bir-iki cümlə ilə belə bir istək dilə gətirilə bilər, amma bu, indiki məqamda bizim maraqlara cavab vermir.

Xüsusilə qeyd edim ki, bu gün Qarabağda Rusiya vətəndaşları yoxdur. Yəni hansısa bir konsulluğa da ehtiyac yoxdur. Bundan başqa, Qarabağda bərpa prosesi hələ davam edir.

– Elxan bəy, istərdim yenidən Kursk məsələsinə qayıdaq. Belə bir iddia var ki, Ukrayna ordusu Rusiyanın beynəlxalq hüquqla tanınan ərazilərinə hücum etdiyi üçün Kreml bunu əsas gətirərək həm KTMT-dən, həm də Moskva Bəyannaməsini əsas gətirib Azərbaycandan hansısa dəstək tələb edə bilər…

Elxan Şahinoğlu

– Azərbaycan Rusiya ilə tərəfdaşdır. İki ölkə bir çox sahədə əməkdaşlıq edir. Bununla belə rəsmi Bakı heç bir münaqişənin tərəfi deyil, olmaq da istəmir. Rusiya Bakının cavabını bildiyi üçün inanmıram belə bir təklif irəli sürsün. Digər tərəfdən belə bir halın Bakını Qərblə qarşı-qarşıya gətirəcəyini də Rusiya yaxşı bilir. Yəni bu məsələ həm Bakı, həm də Moskva tərəfindən müzakirə mövzusu deyil.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 17-də azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəng etdi. Bu telefon zəngi Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirilməsi ilə bağlı olsa da, iki liderin indiki mərhələdə söhbətinin siyasi mənası da var. Putinin ölkəmizə səfəri öncəsi Ərdoğanın Azərbaycan Prezidenti ilə telefon danışığı nədən xəbər verir?

– Birincisi, Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl İsraili hədələyərkən “biz Liviyaya, Qarabağa daxil olduğumuz kimi…” ifadəsi Azərbaycanın siyasi dairələrində və cəmiyyətin bir kəsimində müəyyən narahatlıq yaratmışdı və bu açıqlamadan müttəfiqliyə kölgə salmaq istəyənlər istifadə etməyə çalışdılar. Bu anlaşmazlığı ortadan qaldırmağa ehtiyac var idi. Türklər demişkən, telefon danışığı anlaşmazlığı tatlıya bağladı.

Dövlət başçıları telefon danışığında Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.

İkincisi, Rusiya üçün indiki ağır vəziyyətdə, Ukrayna qoşunlarının Rusiya ərazilərinin bir hissəsini nəzarətə götürdüyü məqamda Kreml sahibi Vladimir Putinin Azərbaycana səfərə gəlmək istəməsi Ankarada suallar yaratmamış deyil, elə bizim özümüz də “Putin bu ərəfədə Bakıya niyə gəlir” sualı üzərində baş sındırırıq. Bu səbəbdən də Ankara-Bakı ittifaqının digərlərindən üstün olduğunu göstərməyə ehtiyac var idi. Ərdoğanla Əliyevin telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparması buna sübutdur. Mümkündür ki, Putinin Bakıya gəlişindən sonra Rəcəb Tayyib Ərdoğan da paytaxtımıza gəlsin və ya tərsinə, Azərbaycan Prezidenti qardaş ölkəyə səfərə getsin.

Turan Rzayev
Globalinfo.az