Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukrayna hökumətində baş verən dəyişikliklərə heç bir müdaxiləsi olmadığını bildirib.
Məlum olduğu kimi, ötən gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb. Eyni zamanda Ukraynada baş nazirin iki müavini, 4 nazir və bir fond rəhbəri istefa ərizələrini təqdim ediblər. Kadr dəyişikliklərinin davam edəcəyi deyilir.
Bu prosesin arxasında ABŞ dayanır? Ardıcıl dəyişikliklərin səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Ukrayna siyasi rəhbərliyində özünəməxsus qarşıdurma meylləri güclənib:
“Bir qrup siyasətçilər Kulebanın rəhbərliyi altında Ukrayna Prezidenti Volodimir Zelenski kursuna neqativ münasibət bildirirlər. Burada çoxsaylı problemlər var: İdarəçiliklə bağlı tələblər və sorğular, müharibənin uzanması. Qərb müharibənin səngiməməsinə çalışır, diplomatik sahədə olan aşınmalar buna misaldır. Kuleba bir neçə dəfə istefa verəcəyi barədə məlumat vermişdi. Ölkə daxilində vəziyyət bir qədər gərgindir. Xalq müharibə istəmir. Canlı qüvvə resursu tükənir, qəsəbələr, kəndlər, yollar, infrastruktur dağıdılır. Ukrayna xaricdən dəstəyə möhtac qalıb ki, bu da bəzi siyasi qrupların maraqlarına uyğun deyil. Volodimir Zelenskinin öz komanda üzvlərini eşitməsini, müvafiq qərarlar qəbul etməsini istəyirlər. Ukraynanın vəziyyəti ağırdır”.
Tofiq Abbasov
Politoloqun sözlərinə görə, Kiyev müharibədən sonra yeni problemlərlə üzləşəcək:
“Böyük miqyasda dağıntıların bərpası üçün çox iş görülməlidir. Doğrudur, Qərbə bağlı fondlar dəstək verəcəklərini bildirmişdilər, amma bunun hansı şərtlər çərçivəsində baş tutacağı məlum deyil. Zelenski öz səlahiyyətlərini müəmmalı tərzdə həyata keçirir. Onun prezidentlik müddəti bitsə də, seçkilərlə bağlı məsələ gündəmdə deyil. Bunu müharibə vəziyyəti ilə əlaqələndirənlər də var”.
Safura Bənnayeva
Globalinfo.az