Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib.
Globalinfo.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:
Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.
M.Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri – “Abituriyent” jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanıb. O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan “Abitiriyent” jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100-ə yaxın müxtəlif adda dərs və metodiki vəsaitlərin həmmüəllifidir.
Əhalinin abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə respublikanın 8 bölgəsində TQDK-nın regional mərkəzləri açılıb, qəbul imtahanlarının ölkənin 11 bölgə mərkəzində keçirilməsinə başlanılıb.
M.Abbaszadə TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatçısı olub.
Məleykə Abbaszadə Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni, 21 fevral 2023-cü il tarixli Sərəncamı ilə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M.Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü təyin edilib.
M. Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
İki övlad anasıdır, beş nəvəsi var.