Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, maliyyələşdirmə məsələləri dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

X X X

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Globalinfo.az-ın məlumatına görə, fərmanda deyilir ki, Bakının Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.

İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

X X X

Azərbaycan “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinə ev sahibliyi edəcək.

Globalinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla 2023-cü il sentyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilməsi və ev sahibliyi məsələlərinə dair Saziş” təsdiq edilib.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərmək tapşırılıb.