Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.
Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.
X X X
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
Qanun Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.
Dəyişikliklə “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilib.
Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq.
X X X
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Qanunun müvafiq maddəsinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.
Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək. Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.
Sözügedən Qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdi. Bu məqsədlə Qanuna əlavə edilən 14.2-1-ci maddədə Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilməsi müəyyən olunub.
X X X
Prezident İlham Əliyev 30 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra nazirliyin öz strukturunu və fəaliyyətini təkmilləşdirmək istiqamətində tədbirlər görmək, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək vəzifəsi dövlət başçısının müəyyən etdiyi hallara aid olmayacaq.