Peskovun Bakı və İrəvana çağırışında diqqət çəkən məqamlar

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Bakı və İrəvana təmkin göstərməyə çağırışında bir neçə cümlə diqqəti çəkib.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Peskov “tərəfləri iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq” deyib:

“44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq. Peskov unudub, yoxsa bilərəkdən sənədin izalanma tarixini “cavanlaşdırıb”? Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin”.

Politoloq qeyd edib ki, Rusiya prezidentinin mətbuat katibinin sonrakı cümləsi: “Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq” olub.

“Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır” açıqlamasını isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır. Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər. Bu Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir, növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları olmalıdır”.

Globalinfo.az