Pentaqon: Rusiya bir neçə aya o şəhəri ələ keçirəcək

“Rusiya bir neçə ay ərzində Xarkovu ələ keçirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi (Pentaqon) üçün işləyən Rand Korporasiyasının sözçüsü deyib.

Onun sözlərinə görə, Xarkovun Rusiya ilə sərhəddən cəmi 26 km aralıda yerləşməsi Moskvanın irəliləyən qoşunlarını dəstəkləməsinə şərait yaradacaq. Beləliklə onlar artilleriya üstünlüyü sayəsində irəliləyə biləcəklər.

“Eyni zamanda, Ukrayna qüvvələrinin Rusiyanın hücum əməliyyatlarını dəf etmək qabiliyyəti maddi-texniki baza çatışmazlığı səbəbindən kəskin şəkildə azalıb. ABŞ hərbi yardım göstərməsə, yaxın gələcəkdə Ukraynanın müdafiə qabiliyyəti azalamağa davam edəcək. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri Xarkovun yerləşdiyi şərq hissədə deqradasiyaya uğrayıb. İndi Ukrayna mayın sonu, iyunun əvvəllərində Rusiyanın gözlənilən böyük hücumunu dəf etməyə hazırlaşır. Lakin bu, Qərbin hərbi yardımı olmadan çox çətindir”.

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov və hökumətə yaxın digər mənbələr hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın zəiflədiyini hiss edib, ona görə də Kiyev və ya Xarkovu ələ keçirmək üçün növbəti cəhdə hazırlaşır. Onların fikrincə, Kreml Xarkovun ələ keçirilməsini real hesab edir. Bundan sonra müharibə tədricən bitə bilər. Böyük rusdilli əhalinin olduğu bir milyondan çox insanın yaşadığı şəhəri ələ keçirmək isə Rusiyanın qələbəsi demək olacaq.

Ukrayna mediası yaxın mənbələrə istinadən yazır ki, Xarkova hücum təşkil etmək üçün Rusiya hakimiyyəti 300 minə yaxın insanı səfərbər edə bilər. Xarkova mümkün hücum xəbərləri fonunda Ukrayna prezidenti Vladimir Zelenski şəhərə səfər edib. Zelenski Ukraynanın Rusiya ordusunun mümkün hücumuna hazır olduğunu vurğulayıb.

Yerli hərbi administrasiyanın rəhbəri Oleq Sinegubov bildirib ki, sərhəd yaxınlığında geniş səngərlər qazılıb və  sığınacaq sistemi yaradılıb. Həmçinin tank əleyhinə arxların qazılması nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az