Pensiya mövzusu cəmiyyətdə ən həssas mövzulardandır. Bu haqda mediada gedən xəbərlərə böyük həssaslıqla yanaşılır. Rəsmi işləyənlərin maaşlarından hər ay tutularaq Pensiya Fonduna yönəldilən vəsaitlər, vətəndaşların gələcəkdə pensiya almasını təmin etmək üçün nəzərdə tutulub.
Lakin maraqlı və hələ də cəmiyyətdə müzakirə mövzusu olan bir məsələ var: şəxs pensiya yaşına çatmadan vəfat etdikdə, onun ödədiyi pensiya məbləği ailəsinə geri qaytarılmır. Bu pulların aqibəti nə olur və necə istifadə olunur?
Bugünlərdə Globalinfo.az-da “Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı” başlıqlı yazı dərc olunmuşdu.
İqtisadçı Kənan Quluzadə saytımıza açıqlamasında bildirib ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ümumi fonda daxil olaraq cari pensiyaların, əlillik ödənişlərinin və sosial müavinətlərin maliyyələşdirilməsində istifadə olunur. Beləliklə, pensiya yaşına çatmayan şəxsin ödənişləri də cəmiyyət üçün dolayısı ilə sosial təminat funksiyasını davam etdirir.
Onun bu sözləri ciddi maraq doğurub.
Bəs pensiya yaşına çatmadan erkən vəfat edənlərin və daha az yaşayan pensiyaçıların sayı nə qədərdir?
Həmçinin Azərbaycanda uzunömürlü pensiyaçılar neçə faiz təşkil edir?
Globalinfo.az məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Qurumun açıqlamasında bildirilir:
“2024-cü ildə pensiya yaşı tamam olmamış (kişilər 64 yaşda, qadınlar 63 yaşda) ölənlərin sayı 1677 nəfər olub. 2025-ci ilin yekunları üzrə məlumat isə cari ilin may ayında hazır olacaq”.
Zaira Akifqızı
Globalinfo.az