pensiya 11121

Pensiya dövrü üçün pul yığmaq istəyənlər daha çox daşınmaz əmlak və qızıla üz tutur. İqtisadçı Natiq Cəfərli hesab edir ki, gəlirlərin yüksək olmaması və inflyasiya vətəndaşların ayrıca maliyyə ehtiyatı toplamasını çətinləşdirir.

Globalinfo.az xəbər verir ki, “Yeni Sabah”-a danışan iqtisadçı Natiq Cəfərli gələcək təminat üçün şəxsi yığım məsələsinin iki istiqamətdən qiymətləndirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, rəsmi çalışan hər bir şəxsin Dövlət Sosial Müdafiə Fondunda (DSMF) fərdi hesabı var və əməkhaqqından hər ay həmin hesaba ödənişlər edilir. Bu ödənişlər gələcək pensiya təminatının əsasını təşkil edir.

Ekspert əlavə edib ki, pensiya yaşında daha rahat yaşamaq üçün ayrıca maliyyə ehtiyatı yaratmaq isə o qədər də asan deyil:

“Çünki gəlirlər yüksək deyil. Ölkədə orta aylıq əməkhaqqı 1200 manat civarındadırsa, əlavə pul toplamaq çətinləşir. Ona görə də bəzi insanlar qocalıq illəri üçün daşınmaz əmlak almağa üstünlük verirlər. İmkanları çatmadıqda hətta kredit götürərək mənzil əldə edirlər ki, pensiyaya çıxarkən həmin mənzili icarəyə verib əlavə gəlir qazansınlar. Müəyyən yığımlar nağd pul şəklində olmasa da, qızıl və qiymətli əşyalar almağa çalışırlar”.

Natiq Cəfərli qeyd edib ki, vəsaiti uzun müddət nağd formada saxlamaq da sərfəli deyil. Onun sözlərinə görə, inflyasiya artdıqca pulun alıcılıq qabiliyyəti azalır.

“Son 10 il ərzində manatın məzənnəsi sabit qalsa da, alıcılıq qabiliyyəti aşağı düşüb. Məsələn, 2017-ci ildə 100 manata alınan ərzağı hazırda təxminən 200 manata almaq mümkündür. Ona görə də vətəndaşlar imkan daxilində pensiya dövrü üçün yatırımlarını daşınmaz əmlaka və qızıla yönəltməyə üstünlük verirlər”, – deyə iqtisadçı vurğulayıb.

Paylaş: