“Paşinyanla bağlı əlimizdə elə faktlar var ki…” – İrəvan qarışdı

“Paşinyan qanunsuz olaraq hakimiyyətdədir”.

Globalinfo.az xəbər verir ki, bunu “Birgə” hərəkatının üzvü Edqar Kazaryan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bütün problemlərin həllini 20 fevral mitinqindən gözləmək lazım deyil. Amma bu mitinq Nikol Paşinyanın istefasını tezləşdirəcək gələcək siyasi aksiyaların əsasına çevrilməlidir.

Kazaryanın sözlərinə görə, məntiqi baxımdan Paşinyan öz istəyi ilə hakimiyyətdən getməlidir. Lakin bu, baş verməsə, onun iradəsindən asılı olmayaraq qərarlar qəbul olunmalıdır:

“Burada iki mexanizm var. Birincisi, o, törətdiyi cinayətlərə görə təqib olunmalı və hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Lakin güc strukturları hazırda Paşinyanın nəzarətindədir. İkincisi, deputatlar tərəfindən Paşinyana qarşı etimadsızlıq səsverməsi baş tutmalıdır. Paşinyanın qanunsuz hakimiyyətdə olması ilə bağlı əlimizdə faktlar var. Ermənistan parlament ölkəsidir. Ermənistanın heç bir vətəndaşı Paşinyanı Baş nazir seçməyib. Vətəndaşlar partiyaları, yəni onların təqdim etdikləri proqramları seçiblər”.

“Paşinyan hökuməti 2021-2026-cı illəri əhatə edən proqram hazırlayıb və  təsdiq üçün parlamentə təqdim edib. Bu proqram qəbul edilib və qanuni qüvvəyə malikdir. İndi hökumət proqramın icrasından imtina edib və parlament  etimadsızlıq səsverməsinə təşəbbüs göstərməlidir. Əgər bu, baş vermirsə, deməli xalq aldadılıb”, – deyə Kazaryan bildirib.

Əliyar Xəlil
Globalinfo.az