Paşinyanın sərhəd açıqlaması: İrəvan vəziyyəti gərginləşdirir

“Nikol Paşinyanın sülhlə bağlı son bəyanatlarından sonra adama elə gəlir ki, o, sülhü hamıdan daha çox istəyir. Amma Paşinyan müxtəlif prinsipləri irəli sürməklə mühiti müəyyən qədər gərginləşdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Ermənistanın baş nazirinin yekun sülh müqaviləsi ilə bağlı səsləndirdiyi 3 əsas prinsip barəsində fikirlərini bölüşüb:

“Paşinyan sərhədlərin delimitasiya və demarkasiya prinsiplərinin 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq həll edilməli olduğunu dəfələrlə dilə gətirib. Yəni o dövrdə mövcud olan inzibati sərhədlər hazırda dövlətlərarası sərhədlər kimi qəbul edilməlidir.

Azərbaycanın bu məsələdə müəyyən fikirləri var. Burada əsas məsələ xəritələrdir ki, bu xəritələr 1920-ci ildən başlayaraq, 1975-ci il xəritələrinə qədər araşdırılmalıdır. Amma Paşinyan bu prinsiplərə razı deyil.

Deyə bilmərəm ki, onun son açıqlaması Azərbaycan tərəfindən necə qarşılanır, lakin hər halda, dövlət başçısı İlham Əliyev qeyd edib ki, 1920-ci ildən başlayaraq bütün xəritələr nəzərə alınmalı və müzakirə edilməlidir”.