Finland

Avropada Rusiya ilə münasibətlərə dair fərqli yanaşmalar yenidən gündəmə gəlir. Qərbi Avropa liderlərinin Moskva ilə təmaslardan yayınaraq təhlükəsizlik məsələlərində Vaşinqtonun mövqeyinə söykəndiyi bir vaxtda Finlandiya Prezidenti Aleksandr Stubb regionu daha müstəqil və praqmatik siyasət yürütməyə çağırıb. O, Rusiya Prezidenti Vladimir Putinin danışıqlar zamanı davranışını müsbət xarakterizə etməklə yanaşı, Avropa ölkələrinin Moskva ilə birbaşa dialoq qurmasının vacibliyini vurğulayıb.

Stubba görə, Avropa öz təhlükəsizliyini yalnız ABŞ-dan asılı vəziyyətdə saxlaya bilməz və coğrafi reallıqları nəzərə alaraq Rusiya ilə danışmağı bacarmalıdır. Bu açıqlamalar Avropanın gələcək təhlükəsizlik arxitekturası, transatlantik münasibətlər və Moskva ilə dialoqun perspektivləri ətrafında müzakirələri yenidən aktuallaşdırır.

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Avropada Rusiya ilə qarşıdurmanın regionun təhlükəsizliyinə risklər yaratdığına dair mövqe ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi və Putinlə anlaşmaq istəkləri fonunda ön plana çıxmağa başladı:

“Ukrayna müharibəsi birbaşa Avropanın təhlükəsizliyini təhdid edir. Bu müharibə başlamamışdan öncə Fransa və Almaniya Rusiya ilə anlaşmağa çalışsa da, nəticə əldə edə bilmədilər. Müharibə başladıqdan sonra ABŞ və Avropa vahid cəbhədən çıxış edirdi, lakin Tramp Rusiya ilə anlaşmaq siyasəti yürüdür və bu siyasətdə Avropanın mövqelərini nəzərə almır. Bu bir tərəfdən Avropanı öz təhlükəsizliyinin təmin edilməsi prosesindən kənarlaşdırır, digər tərəfdən, gələcək geosiyasi güc balansında iştirak imkanlarını məhdudlaşdırır. Fikrimcə, son dövrlər Avropada Rusiya ilə anlaşmaq fikirlərinin eşidilməsinin səbəbi bundan qayaqlanır.

Asif0nerimanli 3 900x600 1 e1756122089358
Asif Nərimanlı 

Finlandiya prezidentinin də sözügedən mövqeyi dəstəkləyən açıqlaması bu ölkənin Rusiya ilə sərhəd olmasından qaynaqlanır. Finlandiya SSRİ ilə müharibədən sonra “neytral status”a malik ölkə idi. Bu status Ukrayna müharibəsinin gedişatı müddətində aradan qaldırıldı ki, Finaldniyanın maraqlarına uyğun deyil. Bu isə Qərbin ümumi istəyinə və ölkənin sərhədlərində görünən Rusiya təhlükəsinə görə idi. Lakin indiyə qədər atılan addımlar Finlandiya da daxil olmaqla Avropanın təhlükəsizliyinə qarşı riskləri aradan qaldırmayıb, əksinə, ABŞ-ın Rusiya ilə anlaşmaq istəyi “Köhnə Qitə”nin təhlükəsizliyini və geosiyasi mövqelərini təhdid edir.

Digər tərəfdən, Avropanın Rusiya enerji resurslarından asılılığı problemi həll edilməyib və alternativ mənbələrin tapılması asan deyil. Bu baxımdan, Avropa iqtisadi çətinlikləri də aradan qaldırmaq üçün Rusiya ilə anlaşmaq haqda düşünə bilər. Lakin bu anlaşma Ukraynanın təslim edilməsi demək deyil, daha çox ortaq məxrəcin tapılmasıdır.

Rusiya ilə anlaşmaq məsələsinə Avropanın bütün ölkələri isti yanaşmır. Amma zamanla bu mövqeyin daha da güclənəcəyi istisna edilməməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: