Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb.
Globalinfo.Az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Məktəb və uşaq bağçalarının istiliklə normal təmin olunması məqsədilə monitorinqlər aparılıb. Yoxlamalar zamanı aşkarlanan problemlərin səbəbləri müəyyənləşdirilib və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Zəruri hallarda dəstək göstərilməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
Təhsil müəssisələrinin dam örtüklərinin, pəncərə şüşələrinin və giriş qapılarının vəziyyəti yoxlanılıb. Həmçinin istilik təminatı üçün ayrılmış resurslardan səmərəli istifadə edilməsi məqsədilə tədbirlər həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil müəssisələrində istilik mövsümü hər il noyabrın 15-də başlayır və aprelin 15-dək davam edir.