Son dövrlər Avropa ölkələrinin Azərbaycana marağının artması ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və regional, eləcə də qlobal proseslərdə rolunun genişlənməsi ilə diqqət çəkir. Avropa dövlətlərinin və Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərləri, Prezident İlham Əliyevlə keçirilən görüşlər və yeni əməkdaşlıq təşəbbüsləri bu marağın göstəricisi kimi qiymətləndirilir.
Əksər təhlilçilərə görə, Azərbaycanın beynəlxalq nüfuzunun artması və Avropa ölkələri ilə münasibətlərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nəticəsidir.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, beynəlxalq siyasətdə dövlətlərin nüfuzu yalnız onların coğrafi mövqeyi və təbii sərvətləri ilə deyil, həm də dəyişən geosiyasi reallıqlarda oynadıqları rolla müəyyən olunur:
“Bu baxımdan Avropanın Azərbaycana artan marağı təsadüfi diplomatik fəallıq deyil. Burada daha mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də nəqliyyat, təhlükəsizlik, regional sabitlik və siyasi dialoq baxımından əhəmiyyətli tərəfdaşdır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarını qorumaqla müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq qurmasıdır. Azərbaycan nə öz milli maraqlarını hansısa geosiyasi mərkəzin maraqlarına tabe edir, nə də beynəlxalq əməkdaşlıq imkanlarını süni şəkildə məhdudlaşdırır. Məhz bu yanaşma ölkəmizin Avropa ilə münasibətlərində də qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modelinin formalaşmasına şərait yaradıb”.
V.İskəndərov bildirib ki, bu gün Avropanın qarşısında üç mühüm çağırış dayanır: enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və dəyişən geosiyasi şəraitdə etibarlı tərəfdaşların müəyyənləşdirilməsi:
Vüqar İskəndərov
“Azərbaycan hər üç istiqamətdə konkret imkanlar təqdim edir. Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir, Orta Dəhliz isə Avropa ilə Asiya arasında əlaqələrin genişləndirilməsi baxımından strateji əhəmiyyət qazanır. Burada diqqətçəkən siyasi məqam da var. Əvvəllər Azərbaycanla münasibətlərdə bəzi Avropa dairələrinin yanaşmaları daha çox siyasi fikir ayrılıqları üzərində qurulurdusa, bu gün əməkdaşlığın praktik nəticələri də ön plana çıxır. Bu, fikir ayrılıqlarının tam aradan qalxması demək deyil. Lakin qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları dialoqun davam etdirilməsi üçün daha geniş zəmin yaradır”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin diplomatik fəaliyyətində diqqət çəkən digər istiqamət Azərbaycanın regional proseslərdə təşəbbüskar mövqeyidir:
“Cənubi Qafqazda sülh gündəliyi, kommunikasiyaların açılması və yeni iqtisadi əlaqələrin qurulması Avropa üçün də mühüm əhəmiyyət daşıyır. Çünki sabit Cənubi Qafqaz yalnız region ölkələrinin deyil, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin də maraqlarına cavab verir. Əslində, müasir diplomatiyada ən mühüm məsələlərdən biri ölkəni beynəlxalq proseslərin sadəcə iştirakçısından həmin proseslərə təsir göstərən tərəfdaşa çevirməkdir. Azərbaycanın Avropa ilə münasibətlərinin inkişafını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bu gün Avropanın Azərbaycana marağını yalnız Bakının enerji resursları ilə izah etmək məsələyə dar çərçivədən yanaşmaq olardı. Söhbət daha geniş geosiyasi mənzərədən gedir. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkə olmaqla yanaşı, bu iki məkan arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında fəal rol oynamağa çalışır. Nəticə etibarilə, Prezident İlham Əliyevin xarici siyasət kursunun Avropa istiqamətində əsas nəticəsi Azərbaycanın milli maraqlarını qorumaqla qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirməsidir. Çünki müasir beynəlxalq münasibətlərdə əsas məsələ yalnız böyük dövlətlərin diqqətini cəlb etmək deyil, onların strateji hesablamalarında nəzərə alınan tərəfdaşa çevrilməkdir. Azərbaycanın Avropa ilə münasibətlərində müşahidə olunan dinamika da məhz bu prosesin göstəricisidir”.
Zaira Akifqızı