ABŞ-ın maliyyə naziri Skott Bessent İrandan ünvanına səsləndirilən təhdidlərdən qorxmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, CNBC telekanalının efirində çıxışı zamanı İranın təhdidlərinin nə özünü, nə də ABŞ administrasiyasının digər üzvlərini qorxuda bilməyəcəyini vurğulayıb.
Bessentin sözlərinə görə, Tehranın bu cür təhdidlərə əl atması Vaşinqtonun İrana qarşı maksimum iqtisadi təzyiq siyasətinin nəticə verdiyini göstərir.
ABŞ maliyyə naziri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) isə “küncə sıxışdırılmış təhlükəli vəhşi heyvan” adlandırıb.
Qeyd edək ki, noyabrın 11-də The New York Times qəzeti Bessentin İran tərəfindən gələn təhdidlər səbəbindən evini tərk edərək hərbi bazaya köçdüyünü yazıb. Nəşr təhlükənin ciddiliyi barədə hələlik dəqiq məlumatın olmadığını bildirib.
Qəzetin məlumatına görə, 2025-ci ildə təhlükəsizlik səbəbindən ABŞ administrasiyasının ən azı altı yüksəkvəzifəli nümayəndəsi evlərini tərk edərək hərbi bazalara və ya mühafizə olunan digər yaşayış yerlərinə köçüb.
Əliyar Xəlil