3 1 1

Avropa Siyasi Birliyinin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə münasibətləri və əməkdaşlıq perspektivləri baxımından diqqət çəkir. Sammit çərçivəsində siyasi dialoq, enerji və nəqliyyat sahələrində tərəfdaşlıq, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi üçün mühüm imkanların yaranacağı gözlənilir. Azərbaycanın bu platformada iştirakı ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin və regional proseslərdə rolunun müzakirəsi baxımından da əhəmiyyətlidir.

Bəs Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın Avropa ilə münasibətlərinin inkişafına və ölkəmizin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə necə təsir göstərir?

Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, Avropa Siyasi Birliyinin IX Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin inkişafı və əməkdaşlıq perspektivlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Sammit siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sülh məsələlərinin müzakirəsi üçün vacib platformadır. Dövlət başçımız İlham Əliyevin sammit çərçivəsində iştirak edən dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər də ölkəmizin Avropa dövlətləri ilə əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.

azer badamov

Azər Badamov

IX Sammitin əsas mövzularından birinin rəqabətqabiliyyətli Avropa, innovasiya, enerji və nəqliyyat bağlantıları olması Azərbaycanla Avropa arasında əməkdaşlığın perspektivlərini bir daha ön plana çıxarır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında və regionlararası bağlantıların genişlənməsində mühüm rol oynayır. Bu baxımdan ölkəmizin Avropa ilə əməkdaşlığı qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa əsaslanır”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə, Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradır:

“Dövlət başçısının keçirdiyi görüşlərdə enerji təchizatı, nəqliyyat-logistika imkanları və yeni əməkdaşlıq istiqamətləri əsas müzakirə mövzularından olur. Hazırda Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir və ixrac həcmlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, ölkəmiz Avropanın əsas xam neft təchizatçılarından biri kimi də mühüm mövqeyə malikdir.

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 15,11 milyard səviyyəsinə çatması, eləcə də tranzit daşımaların həcminin artması iqtisadi əməkdaşlığın genişlənməsinin göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycan Avropaya yaşıl enerji ixracı istiqamətində də mühüm layihələr həyata keçirməyi planlaşdırır”. A.Badamov qeyd edib ki, Xəzər və Qara dəniz vasitəsilə çəkilməsi nəzərdə tutulan yaşıl enerji kabeli, eləcə də Türkiyə üzərindən enerji bağlantılarının yaradılması bu sahədə əməkdaşlıq imkanlarını daha da genişləndirir:

“Bütün bunlar göstərir ki, Azərbaycanın Avropa ilə münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır, siyasi dialoqdan nəqliyyat bağlantılarına, iqtisadi əməkdaşlıqdan yaşıl enerji layihələrinə qədər geniş istiqamətləri əhatə edir. Prezident İlham Əliyevin çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycan Avropa ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirir, beynəlxalq platformalarda fəal iştirakını genişləndirir və regional proseslərdə rolunu artırır. Bu baxımdan Avropa Siyasi Birliyinin Dublin Sammiti də Azərbaycanın Avropa ölkələri ilə tərəfdaşlığının inkişafı və yeni əməkdaşlıq imkanlarının formalaşması üçün mühüm platforma kimi qiymətləndirilə bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: