Kremldən iynəli açıqlama: sərhəddə nələr gözlənilir?

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Qərbin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün akiv fəaliyyət göstərməsini sərt şəkildə tənqid edib.

“Tələsik şəkildə hazırlanan sülh müqaviləsi münaqişəni həll etməyəcək. Cənubi Qafqazda tez bir zamanda sülh əldə edilməsinə çalışmaq doğru deyil. Çünki Qərb yerdəki real şəraitdən xəbərsizdir”, – Zaxarova deyib.  

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxması yeni xəbər deyil:

“Rusiya regionda genişmiqyaslı müharibənin olmasını istəmir. Lakin sülhün əldə edilməsində də maraqlı deyil. 44 günlük müharibə zamanı Kremlin İrəvana dəstək verməsi məhz savaşın məntiqi sonu ilə əlaqəli idi. Rəsmi Bakının ardıcıl uğurları isə prosesin tam bitməsi ilə nəticələnə bilərdi. Buna görə Rusiya 10 Noyabr bəyanatının imzalanması ilə prosesi dayandırdı.

Əslində, Rusiyanın müharibənin bitirilməsində məqsədi prosesin tam yekunlaşmasının qarşısını almaq idi. Hazırkı mərhələdə Rusiya moderatorluğunda keçirilən görüşlər nəticəsiz bitir. Üçtərəfli razılaşmadan sonra qalan məsələrin müzakirəsi zamanı yalnız iki sənəd imzalanıb. Bu sənədlər də məhz Avropa İttifaqının vasitəçiliyi ilə ərsəyə gəlib.

Nəticə etibarilə Rusiyanın təxribatlar törətməsi mümkündür. Bu da öz növbəsində sülh prosesini dayandırmağı hədəfləyir”.

Turan Rzayev
Globalinfo.az