97a48fc7 4fe4 4de6 9e74 1f508829924c 1

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan xalqları ən etibarlı sülhməramlılardır. Paşinyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər xarici sülhməramlı qüvvələrin Ermənistan ərazisinə daxil olmasına ehtiyac yoxdur, çünki sülh bərqərar olub.

Baş nazir qeyd edib ki, heç bir xarici sülhməramlı qüvvə Ermənistan ərazisinə daxil olmayacaq. Ermənistan lideri həmçinin artıq Azərbaycanla sərhəddə sakitliyin olduğunu, hərbi qarşıdurmaların geridə qaldığını da dəfələrlə vurğulayıb. Lakin paralel olaraq Avropa İttifaqının (Aİ) monitorinq missiyası bu ölkənin ərazisində qalmağa və sərhəddə baxış həyata keçirməyə davam edir.

Beləliklə İrəvan Bakının sülh prosesinə maneə yaradılmaması tövsiyəsi ilə yaxın zamanda bu missiyanın fəaliyyətini yekunlaşdıra bilərmi? Sərhəddə sakitlik hökm sürür və sülh prosesində irəliləyişlər əldə olunursa, bu missiyanın xidmətinin mənası nədir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Paşinyan hakimiyyəti son dövr ərzində çox tez-tez bəyanatlar verir:

“Digər tərəfdən, Azərbaycanı inandırmağa çalışır ki, onların əsas istəyi və məqsədi sülhün əldə olunmasıdır. Amma biz həmişə görürük ki, bəzi məsələlərdə boşluqlar qalır. Yəni sözlərin arxasınca atılan addımlar və həyata keçirilən əməllər heç də həmişə səsləndirilən bəyanatları tam şəkildə təsdiqləmir. Əlbəttə, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə çalışdı ki, Ermənistan cəmiyyətindəki müharibə ruhunu müəyyən qədər məhdudlaşdırsın. Amma buna nail olmadı. Əksinə, bir müddət sonra özü də əvvəlki yanaşmaya qayıtdı və “Qarabağ Ermənistandır və nöqtə” kimi bir bəyanat verdi. Bu, onun ən böyük və bağışlanmaz səhvlərindən biri idi. Özü də başa düşür və indi də bilir ki, məhz bu mövqeyə görə çox ciddi səhvə yol verdi. Lakin onun gücü çatmadı ki, Ermənistandakı həmin qüvvələrin mövqeyini dəyişsin və prosesləri yeni vəziyyətə uyğun şəkildə sülhə doğru yönəltsin. İndi isə gec də olsa, onun Azərbaycanın dediyi reallığa gəlib çıxdığını görürük. Əgər Ermənistan tam müstəqil və subyektliyi olan bir dövlət kimi hərəkət etsəydi, çoxdan həm sülh sazişinə imza atmışdıq, həm də barışıq prosesində kifayət qədər ciddi irəliləyiş əldə etmişdik. Lakin burada çox ehtiyatlı davranmaq lazımdır”.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Politoloq bildirib ki, Ermənistana çox böyük təzyiqlər olunur:

“Məsələn, ölkə KTMT-dən çıxmaq niyyətindədirsə və ya artıq çıxmaq qərarı veribsə, bunun da müəyyən prosedurları var. Bunun üçün rəsmi müraciət edilməli, müvafiq prosedurlar həyata keçirilməli və məsələ KTMT-nin rəhbər orqanlarında nəzərdən keçirilməlidir. Orada katiblik, müxtəlif rəhbər strukturlar və digər müvafiq mexanizmlər fəaliyyət göstərir. Yəni belə məsələlər bir gündə həll olunmur. Eyni yanaşma Aİ-nin Ermənistandakı missiyasına da aiddir. Həmin missiyanın ümumiyyətlə gördüyü işin mahiyyətinin nədən ibarət olduğunu anlamırıq. Fikrimcə, onların fəaliyyəti Ermənistanın strateji maraqlarına xidmət etmir. Əksinə, onlar daha çox özlərinin xüsusi xidmət orqanlarının və geosiyasi maraqlarının ehtiyaclarını təmin etməyə çalışırlar. Bu, mənim qənaətimə görə, açıq şəkildə görünən bir faktdır. Ona görə hesab edirəm ki, bütün bu məsələlərdə Paşinyan ayıq-sayıq və çevik olmalıdır. Xarici qüvvələrin onu öz maraqlarına uyğun istiqamətləndirməsinə imkan verməməlidir”.

T.Abbasov qeyd edib ki, hansısa məsələ Azərbaycanın milli maraqlarına xidmət etmirsə, Bakı həmin məsələyə razılıq vermir:

“Azərbaycanın siyasətinin, diplomatiyasının və atdığı addımların əsas mahiyyəti də bundan ibarətdir. Ona görə düşünürəm ki, Paşinyan özü məsələləri aydın şəkildə gündəmə gətirməli və qarşı tərəflərin nəzərinə çatdırmalıdır ki, artıq heç kimlə, belə deyək, öz vicdanı hesabına sövdələşməyə getmək niyyətində deyil. O çalışmalıdır ki, onun sözü eşidilsin və mövqeyi nəzərə alınsın.

Bir məsələ də var. Nəzərə almalıyıq ki, Paşinyanın özünün də çox böyük günahları var. Çünki faktiki olaraq Avropa Siyasi Birliyinin (ASB) sammitlərində onunla yaxın münasibətdə olan Fransa Prezidenti Emmanuel Makron və digər siyasətçilər Ermənistana özləri üçün əlverişli olan konfiqurasiyaları qəbul etdirməyə çalışdılar və buna müəyyən qədər nail də oldular. Nəticədə Ermənistanda iki ayrı missiyanın fəaliyyət göstərdiyini görürük. Mən əminəm ki, onların Ermənistanın milli maraqlarına ciddi bir faydası yoxdur. Onlar öz işlərini görür, öz tapşırıqlarını yerinə yetirirlər. Ermənistanın isə qarşısında özünün “ev tapşırıqları” var. Bunlar, əslində, Azərbaycan siyasətinin onun nəzərinə çatdırdığı reallıqlardır. Ermənistan gözlərini açmalı və mövcud vəziyyəti real şəkildə qiymətləndirməlidir. Artıq xarici qüvvələr də anlamalıdırlar ki, Ermənistan yeni mərhələyə qədəm qoyur. Bu addımların əsas məqsədi isə həqiqətən real Ermənistanın qurulması və ölkənin Dördüncü Respublika istiqamətində strateji qərarlar verməsidir. Məsələ də bundan ibarətdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: