Yaxın Şərq müharibəsi NATO gündəmindən çıxarıldı

nato

NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitində Yaxın Şərqdəki münaqişələrin müzakirəsi nəzərdə tutulmur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda alyansa üzv ölkələrin liderlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı ayrıca toplantısı planlaşdırılmayıb. Mənbələr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hücumla bağlı verdiyi bəyanatlar NATO sammitinə əlavə qeyri-müəyyənlik gətirib. Halbuki alyans nümayəndələri tədbirin əvvəlcədən müəyyən olunmuş ssenari üzrə keçəcəyinə ümid edirdilər.

Qəzet yazır ki, NATO rəhbərliyi sammitin gündəliyini qısaltmaq qərarına gəlib. Bunun səbəblərindən biri də Trampın Kanadada keçirilən “Yeddilik qrupu” (G7) sammitini vaxtından əvvəl tərk etməsi olub.

Haaqadakı tədbirin yekununda geniş bəyanat (kommunike) da gözlənilmir – sadəcə, qısa açıqlamalar veriləcək. “Politico”nun məlumatına görə, sammitin proqramında yalnız iki əsas tədbir yer alır: bir rəsmi qəbul və bir əsas iclas. Əvvəllər olduğu kimi iki və ya üç iclas planlaşdırılmayıb.

Hələlik Ukrayna Prezidenti Volodimir Zelenskinin iclasa qatılıb-qatılmayacağı da bilinmir: o, yalnız qəbul mərasiminə dəvət edilib. Bundan əlavə, NATO-Ukrayna Şurasının ayrıca toplantısı da nəzərdə tutulmur.

Qəzet qeyd edir ki, Yaxın Şərqdəki gərginliklər ABŞ Prezidentinə üzv ölkələrdən müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı tələb etmək üçün bəhanə verə bilər. Mənbələrin sözlərinə görə, Tramp sammit zamanı NATO liderləri ilə danışıqlarda məhz bu məsələni əsas prioritet kimi qaldıracaq.

Aysel Əliyeva
Globalinfo.az