“Mən baş naziri kimi vəzifəyə başladıqdan sonra nəinki ölkənin təhlükəsizliyini, bütövlükdə Ermənistanın mövcudluğunu təhdid edən problemləri praktiki olaraq görərək sistemli şəkildə həlli üçün çalışmağa başladım. Buna görə də, baş nazir kimi mənim həll etməyi vacib saydığım konseptual sual budur: biz Ermənistanın güclü və firavan gələcəyini necə təmin edəcəyik? Bu məsələlər üzərində strateji cəhətdən düşünmək məni bir-biri ilə dərindən bağlı olan Sülh Gündəliyi və Real Ermənistan konsepsiyasına gətirib çıxardı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Əgər bizim strateji baxışımız Real Ermənistan deyilsə, onda çətin olan sülh mümkünləşməyəcək. Çünki mühitimiz bizi strateji təhlükə sayacaq. Ona görə də dövlətçiliyimizi fiziki cəhətdən əzmək və onun inkişafının qarşısını almaq üçün hər şeyi edəcək. İkincisi, biz öz məhdud resurslarımızı və enerjimizi Real Ermənistanın strateji ehtiyaclarına sərf etməsək ölkənin inkişafı ikiqat çətinləşəcək. Beləliklə, Ermənistanın çox ehtiyac duyduğu sülh getdikcə daha əlçatmaz olacaq”.
Paşinyan bildirib ki, bu yolu sona qədər uğurla başa vurmağın yalnız bir təminatı var. Ümummilli şüur və siyasi liderlik missiyasına inam lazımdır.
“Siyasi komandamız və mən bu missiyanı həyata keçirməyə çalışırıq. Biz beynəlxalq miqyasda tanına 29 min 743 kv. kilometr ərazini və sərhədlərimizi qorumağa çalışırıq. Bu məqsədə necə, hansı ardıcıllıqla nail olacağıq? Mən bütün bunları mayın 7-də keçirilən mətbuat konfransında ətraflı təqdim etdim. Bu mesajın əsas məqsədi ölkəmizlə bağlı yaşananları və bunun niyə baş verdiyini izah etməkdir. İstər 2018-ci ildə, istərsə də 2021-ci ildə Ermənistanın vətəndaşları bizə ölkənin gələcəyini təmin etmək üçün mandat veriblər. Bu mandat tam şəkildə yerinə yetirilməlidir”, – Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az