Etibar Məmmədov prezidentliyə namizəd olur? – AMİP-dən açıqlama

2024-cü il fevralın 7-də keçirilməsi gözlənilən növbədənkənar prezident seçkilərinə namizədlər hələ dəqiqləşməyib. İndiyə kimi bir neçə siyasətçinin adı çəkilsə də, onlar rəsmi şəkildə nazmizədliklərini açıqlamayıblar. Hər kəs üçün maraq yaradan adlardan biri də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ilk sədri Etibar Məmmədovdur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib ki, prezidentliyə üzvlüklə bağlı hələ konkret müzakirə aparılmayıb:

“Dekabrın 15-də siyasi şuranın keçirəcəyi iclasda məsələyə dəqiq cavab veriləcək. Məlum olduğu kimi seçkilər haqqında qərar qəfildən verildi. Müxalifət düşərgəsi isə parlament seçkilərini, referendumu gözləyirdi. Qəfil olan qərara uyğun addım atılmalıdır. Əgər siyasi şura partiya sədri Arzuxan Əlizadənin namizədliyinə qərar verərsə, bu, reallaşacaq.

Əli Orucov

Biz istəyirik ki, Etibar Məmmədovun namizədliyi irəli sürülsün. Lakin gərək cəmiyyət bununla bağlı təşəbbüs göstərsin. Xalq Etibar Məmmədovun təcrübəsindən yararlanmağı tələb etməlidir.

Prezidentliyə namizədlik məsələsi Etibar Məmmədovun şəxsi qərarıdır”.

Safura Bənnayeva
Globalinfo.az