scale 1200 7

Ermənistanda müxalif fikirli şəxslərə qarşı genişmiqyaslı həbslər həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Beş hüquq müdafiəçisinin təşəbbüsü” adlı qurum məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, günorta saatlarından etibarən İrəvanda və bir neçə bölgədə hüquq-mühafizə orqanlarının “terrora bənzər” addımları müşahidə olunub. Həbslərin və polis çağırışlarının əsasən müxtəlif müxalif siyasi qrupların nümayəndələrinə yönəldiyi bildirilir.

“Müxtəlif siyasi baxışlara sahib onlarca vətəndaş ya həbs olunub, ya da polis bölmələrinə çağırılıb. Bu proses 24 aprel 1915-ci il ərəfəsində baş verən hadisələri xatırladır”, – deyə bəyanatda vurğulanır.

Erməni İnqilabi Federasiyası “Daşnaksütyun” da partiyanın regional strukturlarında məsul şəxslərə qarşı qanunsuz axtarış və həbslərin aparıldığını bildirib.

“Yeni siyasi təqib mərhələsi başlandı. Bu proses Paşinyanın Türkiyəyə səfəri ilə paralel şəkildə həyata keçirilir. Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, heç bir təzyiq bizi susdura bilməz. Belə davranış nəticə etibarilə adekvat müqavimətlə qarşılaşacaq”, – deyə təşkilatın bəyanatında qeyd olunur.

Eyni zamanda, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının onlarla tərəfdarının da saxlanıldığı bildirilir. Hərəkatın teleqram kanalında yayılan məlumatda yeni həbslərin səbəblərinin məlum olmadığı qeyd olunur.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ilk rəsmi işgüzar səfərlə Türkiyəyə gedib və orada prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır.

*** 18:35

İrəvan və ətraf ərazilərdə “Müqəddəs mübarizə” hərəkatının 40 üzvü saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am”a danışan hərəkatın üzvü Lidiya Mantaşyan məlumat verib.

Mantaşyan bildirib ki, həbslərlə yanaşı, həmin şəxslərin evlərində axtarışlar da aparılıb.

“Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saxlanılmalar ictimai asayişin pozulması ilə əlaqələndirilir. Lakin biz bunu baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri ilə əlaqələndiririk. Görünür, orada hansısa danışıqlar aparılacaq və ya sənəd imzalanacaq. Ona görə də burada mümkün müqavimətin qarşısını almağa çalışırlar”, – deyə Mantaşyan əlavə edib.

Onun sözlərinə görə, saxlanılanlar arasında “Şahnazaryan” konyak istehsalı müəssisəsinin direktoru Ayq Şahnazaryan da var.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: