Paşinyan sülh istəyir, amma yolunu tapa bilmir – Politoloq son prosesləri izah edir

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatsa da sosial şəbəkələrdə müzakirələr davam edir. Azərbaycan seqmenti görüşün nəticəsini uğurlu hesab etsə də erməni tərəfi uğursuzluqlarını etiraf etmək istəmirlər.

Maraqlıdır, BMT-dəki qələbə dediyimiz prosesin izahı nədir? Həqiqətən qələbə qazandıqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Orxan Amaşov deyib ki, qələbə, uğur, uğursuzluq nisbi anlayışlardır:

“Əlbəttə ki, bunların hər birinin ölçüsü var. Biz uğur deyəndə nəyi nəzərdə tutduğumuza baxmalıyıq. Bizim uğurumuz burada daha çox Ermənistanın uğursuzluğu ilə izah oluna bilər.

Ermənistanın məqsədi bu idi ki, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında Azərbaycanın Laçın yolu ətrafında atdığı addımlar pislənsin, aqressiv dövlət kimi xarakterizə olunsun və təbii ki, bütün bunlar qətnamə sənəd halında öz əksini tapsın.

Lakin xoşbəxtlikdən Ermənistan buna nail olmadı. Necə ki, 2022-ci ilin dekabr ayında Fransa BMT TŞ-a sədrlik edərkən bənzər təşəbbüs gerçəkləşmiş nəticəsiz qalmışdı, bu dəfə də nəticə dəyişmədi. Bu baxımdan deyirəm ki, Ermənistanın uğursuzluğu bizim uğurumuzdur”.

Orxan Amaşov 

Politoloq deyib ki, Azərbaycan bilirdi ki, BMT TŞ iclasında nələr müzakirə ediləcək:

“Hətta iclasda iştirak edənlərin fikrini də öncədən bilirdik. Azərbaycanın, Ermənistanın addımlarını çox yaxından izləyirdi. Nəticədə iclas Azərbaycanın suveren hüquqları çərçivəsində yekunlaşdı. Bu məsələni Azərbaycanın suveren hüququndan kənarda görmək cəhdləri puça çıxdı.

Ermənistan sübut etməyə çalışırdı ki, Qarabağ erməniləri Azərbaycan yurisdiksiyası altında yaşaya bilməyəcəklər. Bu prinsip etibarilə Paşinyanın 2021-ci ildə elan etdiyi “xilas üçün ayrılma” xəttinin bir parçasıdır.

Lakin hesab edirəm ki, həm daxildə gedən mübarizədə, həm diasporun, həm də revanşist seqmentin təzyiqi altında Paşinyan bu yolu getməyə məcbur oldu.

İndi isə Paşinyan öz daxili elektoratına deyə bilər ki, baxın, BMT TŞ nəsə etməyə çalışdı, lakin onların qərarı dəyişmədi. İndiki məqamda mən Paşinyanın sülh istədiyini düşünürəm. Lakin bunu necə etməli olduğunu o da bilmir”.

Turan Rzayev
Globalinfo.az