Paşinyan indi də bu kəndləri tələb etdi – Ermənistanın başına bəla olacaq ərazilər…

 

Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılmasına razı olduğunu bildirir. Paşinyanın sözləri həqiqətən doğrudursa bu, Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması deməkdir.

Lakin bunun müqabilində Ermənistan Başkəndin onlara verilməsini istəyir. Əgər bu baş tutsa Ermənistana həm də Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndləri də verilməlidir.

Paşinyan həm də onu iddia edir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır.
Maraqlıdır, rəsmi Bakı Ermənistanın bu iddialarına necə cavab verəcək?

Kişinyov görüşündə nəticəsiz qaldığını və sülh sazişinin uzanmasının ləngidiyini nəzərə alsaq rəsmi Bakı hansı vasitələrə əl ata bilər?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Paşinyan sülh prosesini uzatmaq üçün açıq şəkildə süni maneələr yaradır:

Qabil Hüseynli

“Prinsip etibarilə 1975-ci il xəritəsi delimitasiya və demarkasiya prosesinin icrası üçün məqbuldur. Lakin Paşinyanın Başkəndi istəməsi sülh sazişinin imzalanmaz bir hala salır. Başkənd sadə bir kənd deyil. Hətta mən deyərdim Kərki və Qazaxın 7 kəndindən belə daha stratejidir.

Paşinyan yaxşı bilir ki, rəsmi Bakı Başkəndi Ermənistana güzəşt etmək niyyətində deyil. Buna görə də bu kartı irəli sürür. Bununla həm də prosesi uzadan tərəfin Ermənistan deyil, məhz Azərbaycan olduğu iddiasını arqumentləşdirmək istəyir. Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərinin Ermənistana verilməsi isə ümumiyyətlə müzakirə mövzusu deyil”.

Politoloq qeyd edib ki, sülh prosesinin uzanması həm Qarabağ, həm də Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artması ilə nəticələnə bilər:
“Ermənistan anlamalıdır ki, sülh ən çox onlara lazımdır. Müharibə faktiki olaraq bitməyib. Sülh sazişi olmadan müharibənin bitdiyini demək olmaz. Sülh sazişinin imzalanması gecikdikcə Bakının da səbri tarıma çəkilir. Azərbaycan beynəlxalq hüquqla tənzimlənən sülhə məcburetmə əməliyyatlarına başlaya bilər. Ölkələr bu yolla sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilir. Əlbəttə bizim niyyətimiz müharibə deyil, lakin məcbur qalınsa bu variantdan istifadə ediləcək”.

Turan Rzayev
Globalinfo.az