seki seki 900x567 2

Oğlum Ucal Bayramov bu il sentyabrın 7-də toylarının bir illik yubileyini ömür salnamələrinin əbədi xatirəsinə daha parlaq yazmaq üçün ülvi gənclik arzularının və sonsuz qaynar xəyalların qanadında uça-uça xanımı və dostunun ailəsi ilə birgə Şəki rayonunda yerləşən “Şəki yaylası” adlı istirahət mərkəzinə getmişdilər. Onlar bilmirdilər ki, bu məkan istirahət mərkəzi donuna bürünmüş ölüm saçan maşındı. Və 8 sentyabrda bu “ölüm maşını” iki gəncin – oğlum Ucalın və dostu Coşqun Məmmədovun həyatını faciəyə çevirdi, bir anda iki gənc ömrə son qoydu, iki gəncimizin qanına birdən susadı bu “ölüm maşını”.  

Bu torpağın, bu xalqın sərvətini talayıb, özləri ilə qiyamətə daşıyacaqlarını düşünən, bu sərvət üstündə dikəldikcə ayaqlarının altındakılara həşərat kimi baxan, özünü mütləq güc kürsüsündə hesab edən və özlərini cəmiyyətə iş adamı, sahibkar  kimi təqdim edənlər və onların himayədarları bu xalqın haqqını ona “ölüm maşını” ilə ödədikcə sanki toplum şüurunda ölümün statusu dəyişir, zalımın zülmünə qurban getmək iradəmizi parçalayıb, onu zəlilə çevirir və bu zəlilliyi bizə yavaş-yavaş həyat norması kimi sevdirirlər. Ancaq toplum üçün zülm ağacı əkənlərin özləri də əkdikləri bu ağacın barını gec-tez dərməyə məhkum olacaqlar, həm də mütləq! Əminəm ki, bu bumeranqın geri dönüşünün şahidi olacağıq; bunu görmək hansı nəslə qismət olacaq, söyləmək çətindir. Ancaq bu bumeranq geri dönməlidir. Mütləq! Əks halda Haqqın ədalət tərəzisi pas bağlayar, xeyir şərin yedəyində sürünər, həqiqət qandallanıb yalanın, böhtanın zindanında çürüyər, insanlıq çırpına-çırpına yasdan yasa düşər, haqqa olan ümidlər birdəfəlik çiliklənər…

Haqq yeyənlərin, özlərini qanunun fövqündə görənlərin əməlləri dövlətimiz və xalqımız tərəfindən vaxtında dürüst qiymətini almaqda ləngiyərsə, bu günün haqq-ədalət tərəzisi bu əməlləri düzgün qiymətləndirməkdə zorlanarsa belə, şübhəsiz, bu davranış tarixin tərəzisində mütləq öz gerçək qiymətini alacaq. Çünki tarixin tərəzisini çaşdırmaq hələ kimsəyə nəsib olmayıb. Ona görə ki, kimsə tarixi zalımlıqla, tiranlıqla haqq yolundan sapdıra bilməyib, onların tarixin tərəzisində haqq-ədaləti sərvətlə, pulla satın almaq cəhdləri puç olub.

WhatsApp Image 2026 10 05 at 09.48.42

Ucal Bayramov

1937-ci ildə Azərbaycan ziyalısını, ziyalılığını, Azərbaycan kimlik düşüncəsini və düşünərlərini… “ölüm makinasında” misli görünməmiş zillətə və məhvə məhkum edən repressiya cəlladları ulu bir xalqın müqavimət və etiraz ruhunu sındırıb, düşüncə və iradələrini vahimə kilidi ilə çalın-çarpaz bağlasalar da, yenə tarixin divanından xilas ola bilmədilər. Budur, repressiya qurbanlarının abidələri xalqımızın ürəyində və ictimai həyatında şərəf və qürurla ucaldığı halda, repressiya cəlladlarına lənət və küfr odu səngimir və səngiməyəcək. Odur ki, bütün varlığımla inanıram ki, bu gün xalqın sərvəti üzərində dikəlib, harınlaşıb, əvəzində xalqa “ölüm maşını” bəxş edənlər indi haqq divanından min bir iyrənc yollarla yayına bilsələr də, illər sonra tarixin haqq divanı onların gerçək qiymətini bəyan edəcək. Və o zaman gələcək nəsil heyrət və dəhşət içərisində görəcək ki, əslində keçən əsrin 30-cu illərində xalqa qarşı qurulmuş repressiya maşını ilə, bu gün harınların qurduğu “ölüm makinaları” bir-birindən çox da fərqlənmir, daha çox bir-birinə bənzəyir. Sadəcə zamana, şəraitə görə bu makinaların forması dəyişir. Ancaq hər ikisi öz qanlı caynağını xalqın içərisinə uzadıb, qurbanlarını bu toplumdan qoparırlar. Əgər repressiya insanlarımız üzərində saxta divanlar qurub həyatlarını əllərindən alırdısa, günümüzdə bu maşınlar ömürləri səssiz-səmirsiz məhv edir, əlimizdən alırlar. Bəs bu “ölüm maşınları” haçan dayandırılacaq, haçan haqq divanına sürüklənib, ədalət divarına zəncirlənəcəklər?

Mən hələ ki, dövlətimin haqq divanına güvənirəm və bu inamla ədalətli cəza günlərini gözləməkdə müntəzirəm. Düşmən əhatəsində vurnuxan bir toplumu, bir dövləti zalımların və zalımlığın pəncəsindən uğurla qoparıb dirçəldən bir sərkərdənin – Prezident İlham Əliyevin sarsılmaz iradəsinə ümidlə yaşayıram. İnanıram ki, bu iradənin hökmündən, bu zərbənin məhvedici gücündən xalqıma “ölüm maşını” quranlar da xilas ola bilməyəcəklər.

İçinə axan göz yaşları canını, çölünə axan göz yaşları torpağı yandıran valideynlər kimi biz bu həqiqətə güvənirik.

Həyatımın övlad itkisindən doğan ən ağır günlərində xalqımı haqqın yanında gördüm. Dərd içində çırpınan qürur hissim dirçəlmək üçün yeni bir dayaq da tapa bildi xalqımın timsalında. Haqq uğrunda savaşdan qalib çıxmağı bacaran bir xalqın övladı olmaq gücümə güc qatdı. İndi dövlətimin də haqqın yanında olacağı ümidi ilə zalımlığa qarşı savaş meydanındayam.

WhatsApp Image 2026 10 05 at 10.09.53

Asif Bayramov
Azərbaycan Universitetinin müəllimi
04.10.2026.

Paylaş: