Son illərdə dünya logistika sistemində baş verən hadisələr beynəlxalq yükdaşımaların istiqamətini ciddi şəkildə dəyişdirib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında yaranmış təhlükəsizlik problemləri, eləcə də ənənəvi nəqliyyat marşrutlarında artan risklər yük sahiblərini alternativ və daha etibarlı marşrutlar axtarmağa məcbur edib.
Bu dəyişikliklər nəticəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz qlobal ticarətin diqqət mərkəzinə çevrilib.
Bu gün Çin, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha sürətli və etibarlı çıxış əldə etməyə çalışırlar. Eyni zamanda Avropa ölkələri də öz məhsullarını, texnologiyalarını və investisiyalarını bu regionlara çatdırmaq üçün yeni marşrutlara ehtiyac duyurlar. Buna görə də Orta Dəhliz birtərəfli deyil, Şərqlə Qərbi birləşdirən iki istiqamətli strateji ticarət marşrutudur.
Hazırda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyə üzərindən keçən marşrut region ölkələri üçün son onilliklərin ən böyük iqtisadi imkanlarından birini yaradıb. Lakin yaranmış imkanlarla mövcud infrastruktur arasında hələ də ciddi fərq mövcuddur. Xəzər dənizində bərə çatışmazlığı, limanlarda növbələr və dəmir yolu sistemində yüklənmənin artması yükdaşımaların sürətinə mənfi təsir göstərir. Minlərlə vaqon və yük avtomobili günlərlə, bəzən isə həftələrlə növbədə qalır.
Məhz buna görə də Orta Dəhlizin gələcəyi yalnız yük axınının artmasından deyil, region ölkələrinin bu yükü qəbul etməyə və emal etməyə nə dərəcədə hazır olmasından asılıdır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, logistika və tranzit infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkəmiz Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib. Limanların, dəmir yollarının, gömrük infrastrukturunun və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirib.
Orta Dəhliz üzrə yük axınının davamlı artması mövcud infrastrukturun modernləşdirilməsini və yeni texnoloji həllərin tətbiqini zəruri edir. Azərbaycanın tranzit və logistika potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr məhz bu məqsədə xidmət edir.
STS (Ship-to-Shore) KONTEYNER KRANI
Saatda 25–35 konteyner əməliyyatı həyata keçirmək imkanına malik olan bu kran gəmilərin limanda gözləmə müddətinin azaldılmasına və yük dövriyyəsinin sürətləndirilməsinə mühüm töhfə verir.
STS konteyner kranı ADO-G İnşaat, Təchizat və Quraşdırma şirkəti tərəfindən məhz Azərbaycanda layihələndirilərək istehsal edilib. Bu layihənin həyata keçirilməsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş təşviq sənədi mühüm rol oynayıb. Layihəyə göstərdiyi dəstəyə görə İqtisadiyyat Nazirliyinə minnətdarlığımızı bildiririk.
ADO-G İnşaat, Təchizat və Quraşdırma şirkəti uzun illərdir gəmiqayırma, liman infrastrukturu və dəniz sənayesi sahəsində fəaliyyət göstərir. Şirkət tərəfindən müxtəlif təyinatlı gəmilər, dəniz qurğuları və iri sənaye layihələri həyata keçirilib. STS konteyner kranının Azərbaycanda layihələndirilməsi və istehsalı ölkəmizdə ağır sənaye və mühəndislik potensialının formalaşmasının mühüm göstəricilərindən biridir.
Limanlarda yük emalı imkanlarının artırılması Orta Dəhlizin inkişafı üçün vacib şərtlərdən biridir. Lakin mövcud Ro-Ro və bərə imkanları artan yük axınının tələbatını tam ödəyə bilmir.
Orta Dəhliz üzrə yük axınının sürətlə artması nəticəsində vaqon və yük avtomobilləri üçün uzunmüddətli növbələr yaranıb. Bəzi hallarda yük sahibləri və daşıyıcılar yüklərinin daha qısa müddətdə daşınması üçün əlavə ödəniş etməyə hazır olduqlarını bildirirlər. Bu isə bazarda yeni Ro-Ro və bərə xidmətlərinə olan real tələbatın göstəricisidir. Mövcud daşıma imkanlarının tələbatı tam ödəyə bilməməsi əlavə daşıma güclərinin yaradılmasını zərurətə çevirib.
YENİ NƏSİL MULTİMODAL RORO BƏRƏSİ
RORO gəmisinin əsas göstəriciləri aşağıdakı kimidir:
* Draft: 3–3,5 metr
* Yükdaşıma qabiliyyəti: 13 500 ton
* Tutum: 110 dəmir yolu vaqonu və ya 110 yük avtomobili (TIR)
* Konteyner və digər müxtəlif növ yüklərin daşınması imkanı
Bu tip gəmilər Xəzər dənizində mövcud yük sıxlığının azaldılmasına, yük dövriyyəsinin sürətləndirilməsinə və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılmasına mühüm töhfə verə bilər.
Son illərdə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi sürətlə artıb. Mövcud vəziyyət göstərir ki, yaxın illərdə yeni Ro-Ro gəmilərinin, bərələrin və liman güclərinin yaradılması regionun əsas prioritetlərindən birinə çevriləcəkdir. Əks halda yük axınının bir hissəsi alternativ marşrutlara yönələ bilər.
Orta Dəhlizin tam potensialının reallaşdırılması yalnız dövlətlərin və logistika şirkətlərinin səyləri ilə mümkün deyil. Yeni limanların, bərələrin, logistika mərkəzlərinin və nəqliyyat infrastrukturunun yaradılması üçün maliyyə institutlarının, investisiya fondlarının və bank sektorunun fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Bu prosesdə həm yerli bankların, həm region ölkələrinin maliyyə qurumlarının, həm də Avropa və Asiyanın aparıcı investisiya fondları və maliyyə institutlarının aktiv iştirakı Orta Dəhlizin daha sürətli inkişafına və regionun tranzit potensialının tam reallaşmasına mühüm töhfə verə bilər.
Bu gün qarşımızda duran əsas vəzifə yaranmış fürsəti vaxtında dəyərləndirməkdir. Çünki böyük imkanlar daim açıq qalmır.
Yük axınının artması ilə yanaşı limanlar, bərələr, logistika mərkəzləri və yük emalı imkanları da paralel şəkildə inkişaf etdirilməlidir. Məhz bu halda region ölkələri yaranmış tarixi fürsətdən tam şəkildə faydalana biləcəklər.
Orta Dəhliz təkcə nəqliyyat marşrutu deyil, Avrasiyanın gələcək iqtisadi xəritəsini formalaşdıran strateji dəhlizdir.
Musa Süleymanov
Əməkdar mühəndis