Orban etiraf etdi: “Müharibəni Rusiya başlatdı, lakin Qərb…”

“Qərb liderlərinin Rusiya ilə danışıqlara başlamaq istəməməsi səhv addımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orbanın müşaviri Balaz Orban deyib:

“Biz ruslarla danışıqlara başlamalıyıq. Qərb dövlətləri və hökumət başçıları bundan imtina edirlər. Fikrimizcə, bu, səhvdir. Biz ilk növbədə kommunikasiya kanallarını bərpa etməliyik və razılığa gəlməliyik”.

Orban ABŞ, Avropa və Rusiya arasında uzunmüddətli razılaşmanın əldə edilməsinin zəruriliyindən danışıb. Bunun, Ukrayna münaqişəsinə də müsbət təsir göstərəcəyini diqqətə çatdırıb:

“Bu müharibəni Rusiya başlatdı, lakin Qərb onu alovlandırmaqda davam edir. Biz bunun yaxşı ideya olduğunu düşünmürük. Çünki bu, Ukrayna ordusunun dağılmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, Macarıstan hökuməti Brüssel və müttəfiqlərini vəziyyətin yalnız diplomatik yolla həllinə inandırmağa çalışır:

“Avropa açıq şəkildə bölünüb. Bir çox Şərqi Avropa ölkələri bu münaqişəni Rusiyanı məğlub etmək üçün fürsət kimi dəyərləndirirlər. Amma bizim məqsədimiz bu deyil. Digər Avropa ölkələri  Rusiya ilə uzunmüddətli qarşıdurma istəmirlər. Çünki toqquşan maraqlar Avropanı zəiflədir və münaqişənin həllini mümkünsüz edir”.

Əliyar Xəlil
Globalinfo.az