et teze 11 1

Hazırda Qazaxıstanın Aktau şəhərindəyəm. Hər dəfə bura gələndə istər-istəməz qiymətləri Azərbaycandakı ilə müqayisə edirəm. Bu dəfə diqqətimi çəkən azərbaycanlıların daha çox aldığı məhsulun – ətin qiyməti oldu.

Düşünürdüm ki, Qazaxıstanda da ətin kilosu artıq 17-18 manata çatıb. Amma belə deyilmiş. Atam 10 kilo yarım ətə 40 min təngə ödəyib. Hesablayanda ətin bir kiloqramı 3800 təngə, təxminən 13 manat civarında edir. Orada əti bu qiymətə azərbaycanlılar satır. Qazaxlar isə təxminən 11 manata təklif edir, hətta bəzi yerlərdə 5 kiloqramdan artıq aldıqda daha ucuz başa gəlir.

Qazaxıstan da postsovet ölkəsidir, Azərbaycan da. Qazaxıstanda heyvandarlıq mümkündürsə, Azərbaycanda niyə mümkün deyil?! Bizdə niyə eyni məhsul baha başa gəlir?

Əlbəttə, mən iqtisadçı deyiləm, kənd təsərrüfatı üzrə də təhsil almamışam. Amma sadə vətəndaşın gündəlik həyatda apardığı müqayisələr də müəyyən məqamları üzə çıxara bilir.

Mən əslən Kürdəmirin Garısəyribənd kəndindənəm. Kəndimizdə bərəkətli torpaqlar var. İnsanlar həmin torpaqları əkib-becərməklə həm öz ailələrini dolandıra, həm də ölkənin kənd təsərrüfatına töhfə verə bilərlər. Amma burada başqa bir problem ortaya çıxır: yerli sakin torpaq əldə etmək üçün müraciət edir və ona deyilir ki, torpaq yoxdur. Çünki eyni ərazilərdə başqa rayonlardan gələn şəxslərin yüzlərlə hektar torpaq sahəsi əldə edib əkin apardığını görürük.

Bəs yerli sakin nə etsin? Əgər bir kənddə insanın torpağı varsa, buğda, arpa, yonca, qarğıdalı və digər bitkilər yetişdirə bilər. Yem bol olarsa, qiyməti də aşağı düşər, heyvandarlıqla məşğul olmaq da asanlaşar. Heyvandarlıq inkişaf etdikcə isə bazarda ət və süd məhsullarının təklifi arta bilər. Təklif çoxaldıqca qiymətin aşağı düşməsi ehtimalı da yaranır.

Yəni məsələ təkcə “ət niyə bahadır?” sualından ibarət deyil. Məsələnin kökündə kənd təsərrüfatının necə təşkil olunması, torpaqdan kimin və necə istifadə etməsi, yerli əhalinin istehsala nə qədər cəlb olunması kimi suallar da dayanır.

Fikrimcə, rayonlarda torpaq bölgüsünə yanaşma da müzakirə olunmalıdır. Kənddə yaşayan, işləmək istəyən insan üçün müəyyən ölçüdə torpaq əldə etmək imkanı olmalıdır. Kənd insanının işi və qazancı olarsa, o, Bakıya üz tutmağa məcbur qalmaz. Kəndlərimiz boşalmaz. İnsan doğulduğu yerdə işləyər, istehsal edər, ailəsini dolandırar.

Əslində, məsələ yalnız ətlə də bitmir. Ötən ay Naxçıvanda qarpızın kiloqramının 1 manata satıldığını gördüm. Maraqlıdır ki, Bakıda marketlərdə qarpızın qiyməti bəzən bundan da aşağı olur. Söhbət isə yerli məhsuldan gedirdi – Kəngərli, Nehrəm qarpızı. Yerli məhsul öz bölgəsində daha ucuz olmalı deyilmi? Biz isə bəzən əksini görürük. Məhsul xaricə göndərilir, daxili bazarda qiymət artır. Xarici bazarda həmin məhsula tələbat azaldıqda və ya məhsul satılmadıqda isə onun məhv edilməsi ilə bağlı görüntülər yayılır.

Burada adamın ağlına çox sadə bir sual gəlir: Əgər məhsulu xaricdə sata bilmədinsə, niyə öz vətəndaşına daha münasib qiymətə satmayasan? Bəlkə də bir qədər aşağı qiymətə satılacaq. Amma nəticədə həm istehsalçı məhsulunu satacaq, həm vətəndaş daha ucuz məhsul alacaq, həm də məhsul məhv edilməyəcək.

İqtisadiyyatın mexanizmlərini bilmirəm. Amma istehlakçı kimi bir şeyi çox yaxşı anlayıram: məhsul bol, istehsalçı çox, yem və xammal əlçatan, yerli istehsalçı isə dəstəklənən olarsa, bazarda qiyməti daha sağlam şəkildə tənzimləmək mümkündür.

Qazaxıstanda ətin kilosunun 11-13 manat civarında olduğunu görəndə məni təəccübləndirən də məhz bu oldu.

Biz niyə “ət ucuzlaşdı” xəbərini eşitməyək?

Bəzən böyük iqtisadi problemlərin həlli üçün çox mürəkkəb formul axtarırıq. Halbuki cavab elə torpağın özündə, kəndlinin əlində ola bilər. Yetər ki, o torpaqda işləmək istəyən insana şərait yaradılsın.

Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, bizim Qazaxıstandan nəyimiz əskikdir?

zaira akifqizi yeni 900x600 3

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: