Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın yaxın zamanda telefon danışığı keçirməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri özü “Fox News” telekanalının efirində bildirib.
“Mənim Putinlə telefon danışığım planlaşdırılıb. Çox yaxın zamanda”, – deyə Tramp deyib.
Bundan əvvəl sentyabrın 9-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin lideri Si Cinpinlə üçtərəfli görüş keçirmək imkanını müzakirə etdiklərini qeyd etmişdi. Tədbir noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Putin isə oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Tramp və Si Cinpinlə üçtərəfli görüşün keçirilməsinin böyük ölçüdə Çin liderindən asılı olacağını demişdi.
Əliyar Xəlil
Globalinfo.az