Ombudsmandan son mina partlayışlarına reaksiya

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı məlumat yayıb.

Bu barədə Globalinfo.az-a Ombudsman Aparatından məlumat veirlib.

“Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir. Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanmışdır.

Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkmişdir.

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Qəmbər oğlu Əliyev mina partlayışı nəticəsində xəsarət alıb.