Ölkəmizin adı Şimali Azərbaycan olsun? – Deputatın təklifinə rəylər

 

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında maraqlı təkliflə çıxış edib. O, Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu deyib. Sitat: “Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bu, soydaşlarımıza stimul da verərdi”.

Deputat, həmçinin Cənubi və Şimali Koreya adlı iki dövlətin olmasını misal göstərib və qeyd edib: “Dünya birliyi bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Dünya ictimaiyyəti də bilər ki, biz ikiyə bölünmüş xalqıq”.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, təklif maraqlıdır və həqiqət payı var:

“Azərbaycanın adının şimali Azərbaycan olaraq dəyişdirilməsi əvvəllər də təklif kimi irəli sürülüb. Lakin bu günə qədər belə bir təklif qəbul edilməyib. Hazırda bu təklifin qəbul edilməsi üçün siyasi zəmin formalaşıb.

Dünyada Cənubi və Şimali Koreya, Makedoniya, Kipr nümunələri var. Digər tərəfdən BMT-in qəbul edilmiş “Parçalanmış xalqlar” konsepsiyası var. Yəni işğalçılıq və ya digər faktorlar əsasında parçalanan xalqlar BMT-də qeyd edilir. Azərbaycan da belə xalqlardandır. Bu mənada ölkənin adının Şimali Azərbaycan olaraq dəyişdirilməsi müsbət təklifdir və bizə əlavə dividentlər qazandıra bilər”.

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov isə deyib ki, Milli Məclisin deputatı olaraq Qüdrət Həsənquliyev belə bir təklif irəli sürsə də bütün dünya, həmçinin təşkilatlar bizi Azərbaycan Respublikası olaraq tanıyır:

Cəbi Bəhramov: Qərbi Azərbaycan torpaqlarına geri dönmək haqqımızdır | Kaspi.az

“Bu, referendum nəticəsində verilə biləcək bir qərardır. Elmi ədəbiyyata və tarixə nəzər saldıqda şimali, cənubi Azərbaycan adlarına rast gəlmək olar. Lakin nəzərə də almaq lazımdır ki, tarixdə çox ad və ya toponim var. Hər dövlət buna istinad etsə, xaos yaranar”.

Turan Rzayev
Globalinfo.az