“İrandakı hadisələr Türkiyədəki sülh prosesinin legitimliyini və əhəmiyyətini bir daha nümayiş etdirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə PKK terror qruplaşmasının hazırda həbsdə olan lideri Abdullah Öcalanın yeni müraciətində yazılıb.
O, Xalq Bərabərliyi və Demokratiya Partiyası (DEM Partiyası) nümayəndə heyəti vasitəsilə İmralıya yeni bir mesaj çatdırıb.
Öcalan burada qeyd edib ki, Türkiyə Respublikası ilə heç bir problemi yoxdur.
O, Yaxın Şərqdə dərin planların həyata keçirildiyini və Suriyada bəzi müsbət irəliləyişlərin olmasına baxmayaraq, hazırda əsas gündəmin İranla müharibə olduğunu bildirib.
PKK lideri İranla müharibədən sonra üç əsas düşüncə xəttinin ortaya çıxdığını deyib:
“Birincisi, ABŞ-İsrail xəttidir. İkincisi, Böyük Britaniyanın rəhbərlik etdiyi müəyyən beynəlxalq və regional güclərin status-kvonu qorumağa yönəlmiş xətdir. Üçüncüsü, inkişaf etdirdiyimiz Sülh və Demokratik Cəmiyyət Prosesi vasitəsilə müdafiə etdiyimiz demokratiya və birgəyaşayışdır. İrandakı hadisələr bir daha Türkiyədə həyata keçirilən prosesin legitimliyini və əhəmiyyətini nümayiş etdirdi”.
Öcalan həmçinin, 27 fevral tarixli çağırışında qeyd etdiyi kimi, silahlı mübarizə dövrünün tamamilə başa çatdığını təkrarlayıb.
Əliyar Xəlil
Globalinfo.az