Azərbaycan hücuma keçə bilər – Erməni spiker hədələdi

“Elə adam axtarıram ki, gəlib o kəndlərin Ermənistanın Tavuş bölgəsinə aid olduğunu sübut etsin”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Spiker Qazaxın işğalda olan Yuxarı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızıl Hacılı kəndlərinin Azərbaycan əraziləri olduğunu bildirib:

“Ermənistan bütün keçmiş xəritələrlə öz ərazilərinin hər metrini göstərə bilər. Sentyabrın 21-də küçələrə çıxıb Ermənistanın müstəqillik gününü qeyd edəndə konkret bunu nəzərdə tuturuq. Sərhədlərimizi bilirik. Tavuş sakinləri də bilirlər ki, Azərbaycan sərhədin tam yaxınlığındadır. Ermənistanın bütün hakimiyyətləri, hətta Serj Sərkisyan, Robert Köçəryan da bunu bilirdilər. Biz həmin ərazidən keçən yolla hər dəfə Gürcüstana gedəndə o əraziləri göstərib deyirdik ki, bura Azərbaycandır. Həmin kəndlərin təhvil verilməyəcəyi təqdirdə Azərbaycanın hücuma keçməsini istisna etmirəm”.

Ayşən Mustafa
Globalinfo.az