Novella Cəfəroğlu Prezidentə müraciətindən danışdı: “…müsbət cavab gələcək”

“Avropa kimdir axı qətnamə qəbul etsin ki, guya Ermənistanda insan haqları pozulmur, amma Azərbaycanda pozulur?! İstəmirəm möhtəşəm qələbədən sonra Azərbaycan dövlətinə kimsə dil uzatsın. Elə etməliyik ki, kənardan bir nəfər belə bizim haqda pis düşünməsin”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Xatırladaq ki, bir qrup QHT təmsilçisi ictimai fəal Bəxtiyar Hacıyevin və jurnalist Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edib.

N.Cəfəroğlu deyib ki, Əvəz Zeynallı apardığı verilişlə insanların problemlərinin həlli üçün pəncərə rolunu oynayırdı:

“İnsanlar heç bir aksiya keçirmədən, küçələrdə toplaşmadan Ə.Zeynallı vasitəsilə sözlərini deyirdilər. Hətta hökumətə təklif edərdim ki, o pəncərə, yəni Əvəzin YouTube kanalı hər zaman açıq qalsın. Məsələn, “Tərtər işi”, “Gəncə işi”nə görə nə qədər insan onun yanına gedib. İnsanlar üçün belə bir pəncərə mütləq olmalıdır ki, öz sözlərini rahat deyə bilsinlər”.

Hüquq müdafiəçisi daha əvvəl B.Hacıyevin azadlığa çıxmasında vasitəçi olduğunu xatırladıb:

“Düzdür, Bəxtiyar tənqid edir, amma bəyəm, Bəxtiyarın sözünə reaksiya verən var? Nə qədər istəyir, danışsın da. Guya bizim haqqımızda danışmırlar? Bizi tənqid, hətta təhqir edirlər. Bu şeylərə fikir verməməliyik. Nəinki Bəxtiyara, elə digər tənqid edənlərə də fikir vermək lazım deyil. Müxalifət, iqtidar, jurnalist, hüquq müdafiəçiləri – hamılıqla bir olmalıyıq! Bu gün torpaqlarımıza göz dikən nə qədər ölkə var. Avropa o yandan sərhədimizə, ərazimizə missiya göndərmək istəyir, rus digər yandan sülh məramlı adı ilə hərbçilərini ölkəmizə yerləşdirib. Ona görə də bir olub, ölkəmizin mənafeyi üçün çalışmalıyıq. 30 ildən çoxdur ki, Naxçıvan camaatı Bakıya təyyarə ilə gedib-gəlir. Birləşib belə qlobal məsələlərin həlli ilə məşğul olmalıyıq”.

N.Cəfəroğlu deyib ki, hökumətin Ə.Zeynallı və B.Hacıyevin azadlığı üçün addım atacağına inanır: “Bu addım atılmalıdır ki, xarici dövlətlər bizim haqda bilib-bilmədən heç nə danışmasınlar. Biz beynəlxalq aləmi susdurmaq üçün mütləq bir olmalıyıq. İnanıram və ümid edirəm ki, müraciətimizə müsbət cavab gələcək”.

Zaira Akifqızı

Globalinfo.az