Nikol niyə xalqdan üzr istədi və hansı mesajı verdi?

Ermənistanın Baş naziri Nikol Paşinyanın mücərrəd Yeni il təbrikindən iki nəticə çıxarmaq olar: Birincisi, Paşinyan Qarabağı itirdiyinə görə ermənilərdən üzr istəyib. İkincisi, Paşinyan Qarabağı itirməklə Ermənistanı qoruduğuna diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Paşinyan demək istəyib ki, Qarabağ uğrunda mübarizə aparsaydı, Ermənistanı itirəcəkdi:

“Burada həqiqət var, Paşinyan 19 sentyabrda (2023-cü il) Azərbaycan Ordusunun Qarabağdakı antiterror əməliyyatına müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi.

Elxan Şahinoğlu

Ona görə də Paşinyan təbrikində “dövlətimizin nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik” cümləsini işlədib. Paşinyanın sonrakı cümləsi də maraqlıdır. “Bu yolun böyük hissəsini keçmişik” deyən Paşinyan yolun qalan hissəsi üçün vacib qərarlar verə biləcəyinə eyham vurub. Vacib qərar Paşinyanın Prezident İlham Əliyevlə sülh sazişi imzalaması olacaq. Bu, iki ölkə arasında bütün problemləri həll etməsə də, ən azı növbəti müharibə ehtimalını aradan qaldıracaq. Belə şəraitdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması mövzularını sakit şəraitdə müzakirə etmək olar”.