Nəzir qutularına yığılan pullar hara xərclənir? – RƏSMİ

Bir neçə gün öncə məscidlərdən birinin nəzir qutusundan 13 min manat pulun oğurlandığı haqda məlumat yayıldı. Cəmiyyəti düşündürən əsas suallardan biri də nəzir qutularındakı pulların hara xərclənməsidir. Sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr gedir. Haqlı olaraq rəsmi qaydada hesabat tələb edənlər də var.

Maraqlıdır, nəzir qutularına yığılan yüzminlərlə vəsait hara sərf olunur?

Məsələ ilə bağlı Globalinfo.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, dini qurumların (dini ibadət yerləri) ianə qəbul etməsi ilə bağlı bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb:

“Sözügedən qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Bir daha vurğulayaq ki, qeyd olunan məsələnin tənzimlənməsi ​ üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanma mərhələsindədir. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir”.

Zaira Akifqızı
Globalinfo.az