Netanyahu yenidən baş nazir olur: İsraili nələr gözləyir?

Noyabrın 1-də İsraildə dörd il ərzində beşinci növbədənkənar parlament seçkiləri keçirilib. Rəsmi nəticələrin yaxın günlərdə açıqlanacağı bildirilsə də Ekzit-pollun nəticələrinə görə, İsrailin keçmiş baş naziri, “Likud”un lideri Benyamin Netanyahu İsrailin növbəti baş naziri ola bilər.

Belə ki, Likud, Dini Sionist Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu Netanyahu bloku 61 yerlik həddi keçib və növbəti koalisiyanı qura biləcəyi deyilir. Netanyahunun “Likud” partiyasının 30, yaxud 31, Lapidin “Yeş Atid” partiyasının isə 24 mandat qazanacağı gözlənilir.

Maraqlıdır, artıq İsrailin ən uzunmüddətli baş naziri kimi adını ölkə tarixinə yazdıran Benyamin Netanyahu seçkilərdə qalib gələcəyi halda İsraili və təbii ki, regionu nələr gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, İsraildə son 3 il yarımda 5-ci seçki keçirilir və rəsmi Təl-Əviv tarixinin ən sağ hökumətini görə bilər:

Alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır” – Turab Rzayev

“Etiraf etmək lazımdır ki, Benyamin Netanyahunun yenidən kürsüyə qayıtmaq istəməsi böyük sürpriz oldu. Bununla belə, onun seçkilərdə qalib gəlməsi İsraildə siyasi sabitlik təmin ediləcəyi mənasına gəlmir.

Məsələ ondadır ki, davamsız koalisiya hökumətləri seçicilərdə ümidsizlik yaradır. Təsadüfi deyil ki, bu dəfəki seçkidə də iştirak edən respondentlərin sayı aşağı idi. Buna baxmayaraq ölkədə güclənən ultramillətçi Dindar Sionizm bloku və ultra-sağ həmlider İtamar Ben-Gvir seçkiyə yeni nəfəs gətirə bildi”.

T.Rzayev qeyd edib ki, İsraildə siyasi bölünmə məhz B.Netanyahunun ətrafında cərəyan edir:

“Benyamin Netanyahunun koalisiya ortaqları, mühafizəkar Provaslav yəhudilər və daha çox keçmiş Sovet İttifaqından köçən yəhudilərdir. Netanyahu seçkidə ultra-sağ və millətçi ifadələr səsləndirməkdən də çəkinmədi.
Fələstində yeni yaşayış massivlərinin salınması, ölkədəki ərəblərin hüquqlarının məhdudlaşdırılması başlıca gözləntilərdəndir.
Ümumiyyətlə Netanyahu tərəfdarlarının anti-ərəb açıqlamalarının və yaxud milli dövlət ideyasının İsraildəki iki əsas icma olan yəhudilər və ərəblər arasındakı münasibəti geriyə dönüşü olmayan bir nöqtəyə gətirəcəyi ehtimal edilir”.

Turan Rzayev, Globalinfo.az