Netanyahu “Hizbullah”a xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclası zamanı təşkilatın rəhbərliyini HAMAS-ın üzləşdiyi taleyə nəzər salmağa çağırıb.

İsrailin hökumət rəhbərinin sözlərinə görə, ölkəsi Livanla sərhəddə gərginliyi azaltmaq üçün siyasi və diplomatik yola üstünlük verir, lakin lazım gələrsə, öz təhlükəsizliyini təmin etmək naminə istənilən başqa addımı atmağa hazırdır.

“Vətəndaşlarımızı qorumaq və Qəzza zolağının şimalından köçənləri təhlükəsiz şəkildə evlərinə qaytarmaq əzmindəyik. Bu, hamımızın ortaq milli məqsəddir və buna nail olmaq üçün məsuliyyətlə addım atırıq. Əgər alınsa, siyasi yollarla edəcəyik və yaxud başqa üsullarla hərəkət edəcəyik”, – Baş nazir qeyd edib.

Netanyahu İsrail düşmənlərinə açıq mesaj göndərərək deyib ki, 7 oktyabrda baş verənlər bir daha təkrarlanmayacaq.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 93-cü gündür ki, davam edir.