İsrailin Baş naziri Benyamin Netanyahu Livan istiqamətində sülh prosesinin başladığını açıqlayaraq bu prosesin region üçün yeni mərhələ ola biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal11” məlumat yayıb. Onun sözlərinə görə, rəsmi Təl-Əviv Livanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atmağa hazırdır və qarşılıqlı anlaşma üçün imkanlar mövcuddur.
Baş nazir qeyd edib ki, əsas maneələrdən biri “Hizbullah”ın fəaliyyətidir. Netanyahu iddia edib ki, təşkilat bölgədə sabitliyi pozmağa çalışır və mümkün razılaşmaları zəiflətmək üçün müxtəlif addımlar atır.
O, “Hizbullah”ın təsirinin azalmasının sülh üçün vacib şərt olduğunu vurğulayıb.
Bununla yanaşı, Netanyahu ABŞ-la koordinasiyanın davam etdiyini də diqqətə çatdırıb. O, Donald Tramp ilə telefon danışığının olduqca məhsuldar keçdiyini bildirib. İsrail Baş naziri Trampın xüsusilə İran məsələsində sərt mövqeyini və təzyiq siyasətini yüksək qiymətləndirdiyini qeyd edib.
Tahir Turan
Globalinfo.az