Mədəniyyət naziri Anar Kərimovun dekabrın 13-də kino ictimaiyyəti ilə görüşünün gizlin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Nuridə Allahyarova Globalinfo.az-a açıqlamasında bildirib ki, Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Onun sözlərinə görə, görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb:
“Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb”