İçki və siqaretin qiyməti nə qədər bahalaşacaq?

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında spritli içki və tütün məmulatlarının aksiz dərəcəsinin artırılacağı bildirilib. Bəs belə olan halda məhsulun bahalaşması gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, məhsulu bahalaşdıran amillər var:

“Əsasən idxal olunan məhsullarda gömrük rüsumlarının artması, ya aksizlərin bahalaşması, ya da istehsalçının öz məhsulunda qiymət artımı olursa, o zaman bu artım özünü piştaxtada büruzə verir. Əgər ilin əvvəlində Azərbaycanda aksizin qiyməti bahalaşacaqsa, birmənalı olaraq içki və siqaretin də qiyməti artacaq”.

Fuad İbrahimov

İqtisadçı deyib ki, bəzən aksizin bahalaşması qiymətə fərqli təsir göstərir:

“Məsələn, aksiz bu gün 10 faiz bahalaşırsa, o demək deyil ki, bizdə də o qədər qiymət artımı olacaq. Birdən-birə hətta 15 faiz də bahalaşma ola bilər. Çünki sahibkar öz piştaxtasında istədiyi bazar rəqabətinə uyğun olaraq qiymət müəyyən edə bilər. Orada hər hansısa bir dövlət orqanından vahid qiymət prosesi ilə bağlı nəsə tələb etmək mümkün deyil. Dediyim kimi, gömrük, vergi və aksiz qiymətlərində bahalaşma olsa, bu, mütləq piştaxtada da öz əksini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az