maxresdefault

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefasından, təxminən, 15 gün keçsə də, onunla bağlı məsələlər hər gün gündəmə gəlir.

Hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu Naxçıvanda Vasif Talıbovun doğma kəndi Aralıqda keçirilən sorğudur.

Kənd sakini Tutu Əsədovanın “Azadlıq radiosu”na dediyi “narazı olsam da, razıyam” sözləri gülüş obyektinə çevrilib.

Ümumiyyətlə, bildiyimiz kimi, yaşlı insanlar öz fikirlərini ifadə etməkdə zaman-zaman çətinlik çəkirlər. Bəzən bir nənə çağırdığı nəvəsinin adını demək üçün nəsildə kim var-kim yox, hamısının adını çəkir. Və ya cümlə quruluşunda qəribə və gülüşə səbəb olan yanlışlıqlara yol verir.

Çox uzağa getmədən sizə öz nənəmdən danışım. Nənəm 92 yaşında vəfat etmiş qohumunun yasına başsağlığı üçün gedibmiş. İçəri girərkən nədənsə özünü itirib və “Allah rəhmət eləsin. Cavanlar, subaylar üçün olsun” deyib. Həmin vaxt yas yerində bir neçə nəfəri gülmək tutub, nənəm o qədər sadəlövh idi ki, nəyi səhv dediyini anlamayıb. Sonradan ona vəziyyəti izah ediblər. Deyir, utanıb yerə girdim.

Yaşlı insanların belə səhvlərə yol verməsi başadüşüləndir. Heç kim yaşlananda necə olacağını, hansı vəziyyətə düşəcəyini bilmir.

Yəni birinci versiya budur ki, Tutu nənə fikrini ifadə etməkdə çətinlik çəkib.

İkinci versiya isə… Hə, əgər məsələ başqa cürdürsə, onda Tutu nənənin belə çıxış etməsi gülməli deyil, faciədir. Gör Naxçıvanda hansı növ rejim hökm sürüb ki, kənd sakini tənqid edəndə belə müdafiə etməyə çalışır. Yaxud da tənqidini daha gözəl bir təriflə pərdələyir. Bu, Tutu nənənin deyil, hamımızın səhvidir.

Mən əminəm ki, bizim “narazı olsa da, razı olan” yüzminlərlə vətəndaşımız var. Sadəcə, onların bunu ifadə etməyə fürsətləri olmayıb.

Aqşin Evrən
Globalinfo.az

Paylaş: