Naxçıvan azad edildi, bəs naxçıvanlıların aqibəti necə olacaq?

Naxçıvanda əksər məmurlar yenilənir. Mayın 24-də muxtar respublikaya baş prokuror təyinatı olub. Köhnə klanın nümayəndələri idarəçilikdən tam uzaqlaşdırılana kimi proses dayanmayacaq. Hər halda belə görünür. Naxçıvanda böyük təmizləmə işləri aparılır.

Bəs xalqın güzəranında nə kimi yenilik var? Məmur yeniləmələri əhalinin həyatını yenləyirmi?

Muxtar respublika əhalisi neçə illərdir işsizlikdən, kasıblıqdan əziyyət çəkir. Ən əsas da azadlıqların olmaması bölgə insanlarını sıxır. Naxçıvanlılar yaradılışdan müxalifdirlər. Söhbət iqtidarlara, rejimlərə müxaliflikdən getmir. Qlobal mənada müxalifətçiliyi nəzərdə tuturuq. Onları fərqləndirən əsas cəhət də budur. Uzun illər Azərbaycanda iqtidar və müxalifət liderləri naxçıvanlılar arasından çıxıb. Hər iki düşərgənin mərkəzi fiqurları sırasında Naxçıvan əsilli siyasətçilər çoxluq təşkil edib. Bu tendensiya son illər zəifləyib, buna baxmayaraq təsirini qoruyur.

Naxçıvan həm də Azərbaycan elminə böyük töhfələr verib. Poeziyada, nəsrdə, musiqidə nəhəng imzaların izləri, möhürləri var. Böyük potensiala malik bölgənin insanları bir tikə çörək üçün qonşu ölkələrə – Türkiyəyə, İrana, Rusiyaya səpələnib. Bir zamanlar iqtidarlar quran, hakimiyyətlər devirən, prezidentlər yetişdirən, milli azadlıq hərəkatına liderlər verən, siyasi vitrinə onlarla tanınan sima bəxş edən, İranla sərhəddə çəkilən tikanlı məftilləri yalın əllə sökən, erməni işğalına və işğalçılarına qarşı mərdliklə döyüşən Naxçıvan əhalisi siyasi səhnədən düşürüldü, gündəlik çörəkpuluna möhtac qoyuldu. Bu qəhrəman və qürurlu camaatı Vasif Talıbov sözün əsl mənasında çöllərə saldı. Heç kimi qınamaq olmur – evdə ailəsi, uşağı acından öləsi deyil.

Vasif Talıbov 2022-ci ilin 21 dekabr tarixində istefa verdi. Özünə qalsaydı, çətin gedərdi. Dövlətin iradəsi ortada olduqdan sonra nə edə bilərdi?! Prezident Naxçıvanda vəziyyətə tam nəzarət edə bilmək üçün səlahiyyətli nümayəndəsini təyin etdi. Fuad Nəcəfli artıq 5 aydır vəzifəsinin icrasına başlayıb. Bu müddətdə əhalinin gündəlik dolanışığında nə kimi dönüş yaranıb? Naxçıvandan didərgin düşmüş minlərlə vətəndaşın ora qayıtması üçün iş görülürmü?

Açığı, bu suallara hələlik dolğun cavab tapmaq mümkün deyil. 30 ilə yaxın istibdad rejimi yaradan Vasif Talıbov vəzifədən yeni uzaqlaşdırılıb. Onun feodal üsul-idarəçiliyinin açdığı yaraların qaysaqlaması üçün zaman lazımdır. Amma ləngimədən əhalinin güzəranının yaxşılaşdırılması üçün işlər də görülməlidir. Ən birinci iş yerlərinin açılmasından başlamaq lazımdır. İnsanlar iş tapmasa, ailəsini keçindirmək üçün vəsait qazanmasa, vəzifədə kim olur-olsun, effekt verməyəcək.

Açıq söyləmək lazımdır, Naxçıvan boşalıb. Bu, illərdir aparılan məqsədyönlü siyasətin acı nəticəsidir. Ona görə də onun sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır ki, insanlar geri qayıtsınlar.

Nəzərə almaq lazımdır ki, Vasif Talıbov vəzifədən getsə də, zamanında hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi şəxslər qalır. Bu haqda əslən Naxçıvandan olan BAXCP sədri, deputat Qüdrət Həsənquliyev maraqlı detallara toxunub. O bu ilin yanvar ayında Globalinfo.az-a müsahibəsində demişdi:

“Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək”.

Naxçıvan İranla sərhəddə yerləşir. Bu bölgə həm də buna görə strateji əhəmiyyətlidir. Oranı boş qoymaq olmaz. Muxtar respublika əhalisi sürətlə ora qaytarılmalıdır. Vətəndən, dövlətdən, hətta taleyindən küsən fədakar insanların könlünü almağın zamanıdır. Bunu da dövlət etməlidir.

Çətindir, amma mümkündür. Bu dövlət Şuşanı işğaldan azad edibsə, Talıbovun zülmündən qurtardığı Naxçıvanı da qorumağa gücü çatar. Naxçıvan yeni Turanın açar məntəqəsi, Zəngəzur dəhlizinin əsas istinad nöqtəsidir.

Və sonda. Naxçıvan 100 ildir Qars müqaviləsi ilə qorunur. Qardaş Türkiyə bu bölgəni tarixi müqavilə ilə yadellilərin işğalından hifz edib, bu günlərə qədər gətirib çıxarıb. İndi buranın Türk dünyası üçün nə demək olduğu anlaşıldımı?..

Aydın Aslan
Globalinfo.az