İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasında Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklifi qəbul edilib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, NATO Parlament Assambleyasının (PA) İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya türk mətbuatına açıqlamasında bu barədə bildirib.
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, “Bir kəmər, bir yol” layihəsi barədə yanlış təsəvvürlər var:
“Daha doğrusu, regionumuzda baş verən proseslərin arxasında Çinin “Bir kəmər, bir yol” layihəsinin dayandığı təsəvvür olunur. Düzdür, bu fakt var, amma bu dolayısı ilə belədir. Bilirsiniz ki, hələ 1993-cü ildə Avropa Birliyi beş Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsini özündə birləşdirən TRASEKA layihəsini ortaya atmışdı. Həmin layihə Avropa ilə Orta Asiya və Cənubi Qafqazı birləşdirən nəqliyyat dəhlizi ideyasını ortaya qoymuşdu. Çin isə bu layihəyə 20 ildən sonra qoşuldu. 2013-cü ildə Qazaxıstana səfərə gedən Çin lideri Si Szinpin “Bir kəmər, bir yol” layihəsini dilə gətirdi və o zamandan etibarən həmin dəhliz “Yeni İpək Yolu” adlandırıldı. Yəni adının necə olmasından asılı olmayaraq, bu marşrut Çinin yox, Avropa İttifaqının layihəsidir”.
Heydər Oğuz
Avropa ölkələrinin o zaman Çinin təşəbbüsünü xoş qarşıladığını vurğulayan siyasi şərhçi bunu TRASEKA layihəsinin rentabelliyi və Rusiyanın layihənin reallaşdırılması qarşısında yaratdığı əngəllə əlaqələndirir:
“Bilirsiniz ki, Rusiya keçmiş müstəmləkələrində özünü kənarda qoyan bütün layihələrə qarşı çıxırdı. TRASEKA da faktiki olaraq belə layihələrdəndir. Bu layihə çərçivəsində Orta Asiyanı Avropa ilə birləşdirən TransXəzər enerji dəhlizi Rusiyanın reallaşdırmasını istəmədiyi ilk projelərdən idi. Türkmənistanı və Qazaxıstanı müxtəlif basqılarla bu layihələrdən uzaqlaşdıran Rusiya onların enerji məhsullarını Avropaya özü satmaq istəyirdi. Lakin 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın işğalına görə Qərb ölkələri Rusiyadan təklif edilən həcmdə neft və qaz almamağa qərar verdi. 2022-ci ildə Ukrayna savaşına görə ümumiyyətlə ondan qaz və neft almamağa başladı. Beləcə, TransXəzər və NABUKKO layihələri, o cümlədən TRASEKA dəhlizi yenidən gündəmə gəldi”.
Zəngəzur dəhlizinin də TRASEKA, bir başqa adıyla “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi olduğunu xatırladan həmsöhbətimiz bildirib ki, əslində II Qarabağ savaşı və son antiterror əməliyyatı Ermənistanın bu layihəyə qoşulması üçün aparılıb:
“Paradoksal olan da budur. Biz faktiki olaraq bu döyüşləri təkcə öz torpaqlarımızın geri qaytarılması uğrunda deyil, həm də Ermənistanı rus imperializmin caynağından qoparıb, Qərblə inteqrasiyaya cəlb etmək, TRASEKA layihəsinə calamaq üçün aparırdıq. Ermənilər məhz buna görə göydə Allaha, yerdə bizim əsgərlərə minnətdar olmaq əvəzinə, ona qarşı döyüşürdülər. Görünür, buna görə də Azərbaycanın apardığı bu döyüşlər Qərb dünyası və ABŞ tərəfindən ciddi narazılıqla qarşılanmadı. Əksinə, üzdə bizə qarşı bəyanatlar verib, erməniləri küsdürməməyə çalışsalar da, həqiqətdə bizi dəstəkləyirdilər. Məhz bu səbəbdən bütün çağırışlarına rəğmən İrəvana silah vermirdilər. Hətta Avropadakı erməni lobbiləri belə bu məsələdə tam təsirsiz hala gətirilmişdilər”.
Heydər Oğuz qeyd edib ki, Türkiyə millət vəkili Mevlüt Karakayanın bəhs etdiyi NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası 2022-ci ilin noyabr ayında keçirilib:
“Alyansın rəsmi məlumatlarına görə, tədbirdə Ukraynada vəziyyət, NATO-nun yeni strateji konsepsiyası, müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilib. Türkiyə millət vəkilinin iddiasından aydın olur ki, Azərbaycan və Ermənistan məsələsi də toplantının gizli maddələrindən imiş və Zəngəzur dəhlizinin açılışına qərar verilib. Üzərindən bir il keçməmiş Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda erməni separatizmini tamamilə məhv etməsi bu mənada təsadüfi deyil. Çünki Zəngəzur dəhlizinin açılmasında ən ciddi maneə erməni separatçıları idi və bu əngəl aradan qaldırılmalı idi”.
TRASEKA proqramının təkcə Cənubi Qafqazda deyil, nəqliyyat xəttinin keçəcəyi bütün ərazilərdə Şimali Atlantika Alyansının fəallığını artırdığını vurğulayan Heydər Oğuz bildirdi ki, Azərbaycanın antiterror əməliyyatı keçirməsindən qısa müddət sonra ABŞ və Pakistan hərbi liderləri Orta Asiyaya səfərə yollanıblar:
“Səfər çərçivəsində bu ölkələrin NATO ilə hərbi əməkdaşlığa cəlb edilməsi müzakirə olunub. Özbəkistan Müdafiə Nazirliyi xəbər verir ki, Daşkənddə ABŞ, Pakistan və Mərkəzi Asiya ölkələrinin Baş Qərargah rəislərinin görüşü baş tutub. Regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Bundan əlavə, rəsmi məlumatlara görə, sentyabrın 26-da Özbəkistanın müdafiə naziri Bahodur Qurbanov ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl “Erik” Kurillanı qəbul edib. Bilirsiniz ki, CENTCOM Yaxın Şərq, Şərqi Afrika və Orta Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına cavabdehdir. Qurun 1983-cü ildə yaradılıb və indiyədək Əfqanıstanda, İraqda və Suriyada əməliyyatlar aparıb. CENTCOM və NATO rəhbərlərinin, həmçinin Əfqanıstan Baş Qərargah rəisinin Orta Asiyaya səfəri növbəti hədəfin bu coğrafiya olacağını göstərir. Unutmayaq ki, Əfqanıstan 44 günlük müharibədə də bizim yanımızda savaşırdı”.
Bütün bu faktlara əsaslanan Heydər Oğuz hesab edir ki, NATO-nun rəhbərliyi altında Turan dövləti qurulur:
“Bu işdə Türkiyənin üzərinə də Alyansın cənub sərhədlərindən sorumlusu kimi böyük vəzifələr düşür. Məqsəd isə təbii ki, Çin ilə Rusiya arasında bufer ittifaq yaratmaq və Ukrayna savaşından məğlub ayrılacağı şübhə doğurmayan şimal qonşumuzun çöküşündən sonra Orta Asiyanın Pekinin nəzarəti altına düşməsinin qarşısını almaqdır. Təsadüfi deyil ki, bu məqsədlə Orta Asiya liderlərinin bir müddət əvvəl ABŞ-da C5+1 sammiti keçirilmişdi. Sammitin keçirilmə tarixi bizim başlatdığımız antiterror əməliyyatı ilə eyni vaxta təsadüf edirdi. Sizi deyə bilmərəm, mən bunu da gəlişigözəl zamanlama kim görmürəm”.
Zaira Akifqızı
Globalinfo.az