Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Globalinfo.az Naftalan rayonunun yeni icra başçısının dosyesini təqdim edir:
Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomuna layıq görülüb.
2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.
2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində – Baş məsləhətçi, Sektor müdiri vəzifələrində çalışıb.
Əmək fəaliyyəti dövründə bir çox yerli və xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və təşkilatçısı olub, o cümlədən 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) göstərdiyi fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.